Bakı. 13 oktyabr. REPORT.AZ/ "Azərbaycan meşələrinin ən yüksək nöqtələrinə kameralar quraşdırılacaq".
Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
Nazirlik sözçüsü bildirib ki, bu təcrübə dünyanın bir çox ölkəsində tətbiq olunub və müsbət nəticə əldə edilib: "Bunu həyata keçirməkdə məqsəd meşələrin effektiv mühafizə olunması, giriş və çıxışlarına nəzarət etmək, meşə ərazilərinin yanğından mühafizə edilməsi və profilaktikadır".
Bu təcrübənin mahiyyətindən danışan ETSN rəsmisinin sözlərinə görə, Azərbaycan meşələrinin ən yüksək nöqtələrinə kameralar quraşdırılması nəzərdə tutulub: "Kameraların quraşdırılması üçün elə yerlər seçilir ki, həmin kameralar vasitəsilə daha çox meşə massivinə nəzarət olunacaq. Kameralar 360 dərəcə ətrafında fırlanacaq və vahid mərkəzdən idarə olunacaq. Bununla da ərazi daim müşahidə ediləcək, hər hansı kənar şəxs daxil olduqda, tüstü çıxdıqda dərhal reaksiya veriləcək".
İ.İbrahimova qeyd edib ki, bir sıra meşə massivlərinin ərazisində giriş və çıxış üçün müxtəlif ərazilərdən yollar var: "Meşə oğrularının meşə ərazilərinə daxil olmasının qarşısının alınması üçün həmin yolların şlaqbaumlar vasitəsi ilə bağlanılması nəzərdə tutulur. Artıq bu işlərin bir hissəsi həyata keçirilib. Məqsəd odur ki, meşə ərazilərinə daxil olmaq üçün bir və ya iki yol olsun, həmin yollara isə daim nəzarət edilsin".