Yuxarı

Azərbaycanda istirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

Havanın küləkli olması meteohəssas insanlar üçün narahatlıq hissi yarada bilər

Bakı. 4 dekabr. REPORT.AZ/ İstirahət günlərində, yəni dekabrın 6-7-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a açıqlamasında deyib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 6-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək, səhər və gündüz arabir güclənəcək. Temperaturun gecə 1-3 dərəcə isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir. 

Dekabrın 7-də isə buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşama doğru bəzi yerlərdə yağıntı olacağı ehtimalı var. Cənub küləyi əsəcək, arabir güclənəcək. Temperatur gecə 0-2 dərəcə isti, gündüz 5-9 dərəcə isti təşkil edəcək.

Azərbaycan rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin ayın 6-da axşam və 7-də bəzi yerlərdə hava şəraitinin yağıntılı olacağı ehtimalı var. Temperaturun gecə 0-5 dərəcə şaxta, gündüz 4-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqinin tərəddüdləri, yəni dekabrın 6-da şimal küləyinin güclənməsi, 7-də isə cənub küləyinin güclənməsi meteohəssas insanlar üçün narahatlıq hissi yarada bilər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi