Azərbaycanda QHT rəhbərləri, o cümlədən ekoloq və aktivistlər Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkova ünvanlanmış müraciət hazırlayıb.
"Report" xəbər verir ki, QHT-lər müraciəti bu gün Rusiyanın Azərbaycandakı səfirliyinə təqdim edib.
23 nəfərin imzaladığı müraciətdə deyilir:
"Hörmətli Andrey Aleksandroviç,
Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərində ekoloji vəziyyətin gərginləşməsi biz ekoloqlar və aktivistləri ciddi narahat edir.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ildən çox işğal altında olduğu dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Azərbaycana qarşı ekoloji terror törədilmiş, bir çox faydalı qazıntı yataqları qanunsuz istismar edilmişdir. 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsindən sonra uzun illər qanunsuz istismar və talan edilən yataqların bir çoxunda ekoloji vəziyyət nəzarət altına alınsa da, Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərində olan Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında qeyri-qanuni istismar hallan təəssüf ki davam etməkdədir.
Faydalı qazıntı yataqlarının qanunsuz istismarı ekoloji vəziyyəti gərginləşdirmakla mülki əhaliyə, ətraf mühitə, biomüxtəlifliyə yeraltı və yerüstü su resurslarına, eləcə də Azərbaycanın digər ərazilərindəki ekoloji mühitə mənfi təsir göstərir.
Azərbaycanın müstəqil ekoloqlarının birləşdiyi çoxsaylı QHT-lər olaraq Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərində olan Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında qeyri-qanuni istismar hallarının ve ekoloji vəziyyətin dəyərləndirilməsini vacib hesab edirik. Bu xüsusda bizim qeyd edilen ərazilərə səfər etməyimiz üçün təhlükəsizliyin təmin olunmasını ve monitorinq keçirməyimiz üçün lazımi şərait yaradılmasını sizdən xahiş edirik".
İmza edən QHT-lər:
1. Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyi - Azər Allahverənov
2. Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi - Anar Xəlilov
3. “Biosfer” İctimai Birliyi - Qorxmaz İbrahimli
4. “Ekoleks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyi - Samir İsayev
5. “Sağlam Həyata Doğru" Ekoloji İctimai Birliyi - Sadiq Həsənov
6. “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi - Elman Cəfərli
7. "Ekoloq-2010" Ekoloji Maarifləndirmə İctimai Birliyi - Səlim Balayev
8. Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi İctimai Birliyi - Elçin Salmanov
9. Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi - Ramil İsgəndərli
10. İctimaiyyətlə Əlaqələrin İnkişafina Kömək İctimai Birliyi - Şəlalə Həsənova
11. Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək -Toğrul Allahverdili
12. Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi - Müşfiq Ələsgərli
13. “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi - İradə Rzazadə
14. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi - Faiq İsmayılov
15. Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi - İlqar Hüseynli
16. Elmi Araşdırmalar İctimai Birliyi - Telman Qasımov
17. Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi - Asəf Quliyev
18. Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyi - Əhməd Abbasbəyli
19. "Səyyahlar" Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması İctimai Birliyi - Elsəvər Cəlilov
20. “İCOMOS Azərbaycan” İctimai Birliyi - Rəşad Əliyev
21. Bakı İnsan Hüquqları Klubu İctimai Birliyi - Rəsul Cəfərov
22. Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi - Qəmzə Yusubova
23. İslahatçı Gənclər İctimai Birliyi - Fərid Şahbazlı.
Qeyd edək ki, 2022-ci il dekabrın 3-də keçirilmiş müzakirələrin davamı olaraq, dekabrın 7-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirib. Görüş zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə edilib. Aidiyyəti üzrə təmaslar davam etdiriləcək.