Abşeron Milli Parkında rəmzi xarakter daşıyan guşə yaradılacaq
- 01 oktyabr, 2019
- 11:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Abşeron yarımadasının ən son nöqtəsi olan "Qartalın dimdiyi" adlanan ərazi Abşeron Milli Parkının da son nöqtəsidir və bu ərazini turistlər üçün daha maraqlı və yaddaqalan bir məkana çevirmək üçün müxtəlif ideyalar var.
"Report" xəbər verir ki, "Azərbaycanda ekoturizmin inkişaf perspektivləri” mövzusunda keçirilən "dəyirmi masa"da iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri bütün milli parklar üçün yaddaqalan və brendə çevrilməli olan oxşar layihələrin üzərində iş aparıldığını bildiriblər.
Qeyd olunub ki, “Qartalın dimdiyi", “ Şah dili” burnu ərazisi barədə də rəvayətlər mövcuddur və təəssüf ki, indiyədək xalq arasında dolaşan bu rəvayətlərdən turistlərin cəlb edilməsi üçün istifadə edilməyib. "Qartalın dimdiyi" ərazisinin məhəbbət, saf duyğu və and məkanı olmasıyla bağlı müxtəlif rəvayətlər var. Onları toplayıb gələn turistlərə təqdim etmək olar. Həmin ərazidə rəmzi xarakter daşıyan guşə yaradılması ilə bağlı ideyalar da var. Yəqin ki, yaxın vaxtlarda bu layihələr reallaşacaq.
Alman İnkişaf Bankının transsərhəd birgə katibliyi layihəsinin milli koordinatoru Ruslan Salmanov isə vurğulayıb ki, Azərbaycan Milli Parklarının hər birinin girişində beynəlxalq standartlara cavab verən ekoturizm mərkəzlərinin yaradılması vacib məsələdir: "Həmin mərkəzlərdə insanları qarşılayan məsul şəxslər olmalıdır. Təəssüf ki, ölkənin milli parklarında bununla bağlı müəyyən boşluqlar var. Bundan başqa, xüsusi mühafizə olunan təbiət əraziləri barədə qəbul edilən qanunvericilik bazasına dəyişikliklər edilmədir. Eyni zamanda milli parklarda iaşə obyektlərinin və ya qalma yerlərinin tikilməsi mümkündür. Amma bu qanunda, sadəcə, prinsip olaraq göstərilib. Belə obyektivliyin inşası üçün lazımi prosedurlar normativ aktlarda öz əksini tapmayıb. Bu gün ölkədə 11 milli parkdan cəmi bir-ikisini çıxmaq şərti ilə digərlərində belə obyektlər yoxdur".
Tədbir mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.