Tbilisi. 8 aprel. REPORT.AZ/ Xalq şairi, "Şöhrət" ordenli Zəlimxan Yaqubun xatirəsi doğulduğu Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anılıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycan Birliyinin katibi, əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev və başqaları çıxış edərək Zəlimxan Yaqubun həyat və fəaliyyətindən, Azərbaycan ədəbiyyatının zənginləşməsindəki xidmətlərindən danışıblar.
Bildirilib ki, Z.Yaqub təkcə Azərbaycanda və Gürcüstanda deyil, bütün Türk dünyasında sevilən böyük şair idi. Çıxışlarda Z.Yaqubun Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin inkişafindakı xidmətləri xüsusi vurğulanıb. Ölməz şairin xatirəsinin qəlblərdə, ürəklərdə daim yaşayacağı qeyd olunub.
Z.Yaqubun yaratdığı əsərlər dövlət tərəfindən də daim yüksək qiymətləndirilib.
Mədəniyyət və incəsənət ustaları Z.Yaqubun şeirlərinə bəstələnmiş mahnılar ifa ediblər. Məktəblilər böyük ustadın şeirlərini söyləyib.