Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın seçilmiş əsərləri özbək dilində çap olunub.
"Report"un məlumatına görə, yazıçının "Mən, sən, o və telefon" adlı kitabı Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə işıq üzü görüb.
Kitabda yazıçının seçilmiş əsərləri, hikmətli sözləri, Anarın həyat və yaradıcılığının mühüm dövrləri, habelə yazıçının yaradıcılığı haqqında görkəmli şəxslərin fikirləri yer alıb.
Kitaba "Ön söz"ün müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur. Mərkəzin direktoru kitaba yazdığı ön sözdə qeyd edib ki, Azərbaycan ədəbiyyatının tanınmış yazıçısı Anarın əsərləri özbək oxucuları arasında rəğbət qazanıb və qısa müddətdə sevilib.
Ön sözdə Anarın müasir Azərbaycan ədəbiyyatında xidmətləri xüsusi qeyd olunub və hekayələr, romanlar, dram əsərləri, ssenarilər yazan istedadlı yazıçının ədəbi tənqid, ədəbiyyatşünaslıq, bədii publisistika sahəsində məqalələri, habelə tərcüməçilik fəaliyyəti barədə məlumat verilib.
"Dünya ədəbiyyatı xəzinəsindən" seriyasında çap olunan kitabın tərcüməçisi tanınmış özbək alim, tərcüməçi Usman Kuçkardır.
Kitabın Özbəkistanın aparıcı kitabxanalarına, elmi və tədris müəssisələrinə paylanılması nəzərdə tutulub.