Bakı. 16 fevral. REPORT.AZ/ Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB), Səməd Vurğun adına Kiyev Kitabxanası və Ukraynanın krım-tatar gəncləri ukraynalı şair, tərcüməçi Mikol Miroşniçenkonun yaradıcılıq gecəsini keçiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, şairin 70 illik yubileyinə həsr olunmuş tədbirdə UAGB-nin sədri İlhamə Allahverdiyeva Ukrayna oxucusunu şərqin, o cümlədən Azərbaycanın klassik və müasir şairlərinin əsərləri ilə tanış edən M.Miroşniçenkonun tərcüməçilik fəaliyyətini yüksək qiymətləndirib, gənclərin belə bir şairi tanımasının vacibliyini qeyd edib.
Tədbirdə Azərbaycanın Ukraynadkı Səfirliyinin 1-ci katibi Fərid Babayev çıxış edərək, Ukraynada Azərbaycan ədəbiyyatının təbliğinə töhfələr verən Mıkol Miroşniçenkoya azərbaycanlıların böyük rəğbətindən danışıb.
Qeyd olunub ki, sovet dövründə M.Miroşniçenkonun yaradıcılığına qoyulmuş qadağalar və yalnız tərcüməçilik fəaliyyəti ilə məşğul olmasına iczazə verilməsi şairi şərq dillərini öyrənməyə sövq edib. 1974-76-cı illərdə Bakıda olan şair Azərbaycan dilini öyrənib və Azərbaycan, türk, krım-tatar dillərindən tərcümələr etməyə başlayıb. 2000-ci ildə müəllifin krım-tatar poeziyasından Ukrayna dilinə etdiyi tərcümələrdən ibarət “Şərqin qapısı” adlı toplusu, 2006-cı ildə isə “Azərbaycan poeziyası antologiyası” ikicildli toplusu çap olunub. Azərbaycanlıların və Krım tatarlarının böyük dostu M.Miroşniçenko Dünya Azərbaycanlılarının I Qurultayının iştirakçısı olub.
Şairin yaradıcılıq gecəsində Səməd Vurğun adına Kitabxananın direktoru Qalina Çebotareva, şairin həyat yoldaşı Larisa Miroşniçenko, Ukrayna Azərbaycanlıları Biləşmiş Konqresi Məclisinin sədri Akif Gülməmmədov, Ukrayna Yazıçılar Birliyinin sədri Vladimir Danilenko və başqaları çıxış edərək xatirələrini paylaşıblar.
Tədbirdə M.Miroşniçenkonun tərcümə etdiyi Azərbaycan şairlərinin bəzi əsərləri səsləndirilib.
Xatırladaq ki, şair 2009-cu ildə vəfat edib.