Bakı. 20 oktyabr. REPORT.AZ/ AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalı Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən MLA (Modern Language Association) tərəfindən Beynəlxalq Dil Assosiasiyasının biblioqrafiyasına daxil edilib.
Bu barədə "Report"a Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ağa Cəfərli məlumat verib.
Onun sözlərinə görə, Türk dünyasının köklü və nüfuzlu elmi jurnallarından olan “Türkologiya” jurnalının məqsədi türkologiya elminin tarixinə və aktual problemlərinə, türk xalqlarının dillərinə, ədəbi və mədəni zənginliklərinə, türk dillərinin müasir vəziyyətinə dair Azərbaycan, türk, rus və ingilis dillərində yazılmış məqalələri səhifələrində əks etdirməkdir.
Modern Dil Assosiyası Beynəlxalq Biblioqrafiya (MLA İnternational Bibliography, Nyu-York, ABŞ) ədəbiyyat, dil tarixi, etnoqrafiya, folklor və s. sahələrdə beynəlxalq istinad mənbəyidir. Biblioqrafiya 1,5 milyondan çox istinad mənbəyini əhatə edir. Milyonlarla tədqiqatçının istifadə etdiyi biblioqrafiyanın həm çap, həm də onlayn versiyası mütəmadi yenilənir. Bir çox Şimali Amerika və Avropa ali təhsil müəssisələri və elmi-tədqiqat mərkəzləri bu biblioqrafiyaya abunə olur.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli qərarı ilə akademik Kamal Abdullayev jurnalın baş redaktoru təyin olunduqdan sonra AMEA Rəyasət Heyətinin müvafiq qərarı istiqamətində dilçiliklə yanaşı, ədəbiyyat, tarix, fəlsəfə, mifologiya, mədəniyyət, incəsənət, yazılı abidələr və türkoloji mərkəzlərlə bağlı məqalə və resenziyaların çapına qərar verilib.
Qeyd edək ki, “Türkologiya” jurnalının ildə dörd sayı (mart, iyun, sentyabr, dekabr aylarında) nəşr olunur.
Jurnalla bağlı daha ətraflı məlumatı jurnalın elektron adresindən (“www.turkologiya.org”) əldə etmək mümkündür.