“Nağılsız uşaq fiziki cəhətdən böyüsə də, əqli cəhətdən inkişaf edə bilmir. Problemləri dialoq əvəzinə dava ilə həll etməyə çalışır”.
Uşaqların dünyagörüşünü inkişaf etdirən vasitələrdən bir də nağıllardır. Bir sıra nağılların müəllifi olan türkiyəli yazıçı, dramaturq Yücel Feyzioğlu təkcə Türkiyə və Almaniyada deyil, digər ölkələrdə də tanınır.
O, 1946-cı il dekabrın 10-da Qarsda anadan olub və təhsilini Türkiyədə başa vurub. 1972-ci ildə Almaniyada Höte Universitetini və Anderson Yazıçılıq Akademiyasını bitirib. Bir çox mükafatlara layiq görülən yazıçının müxtəlif ölkələrdə çap olunmuş kitabları var. Onun yazdığı nağıllar və kitablar müxtəlif xarici dillərə tərcümə olunub.
Yücel Feyzioğlunun “Report”a müsahibəsini təqdim edirik:
- Niyə nağıl yazarı oldunuz?
- Mənim iki səbəbim olub. Uşaqlığımdan “Dörd həmfikir” adı ilə gözəl bir nağıl eşitmişdim. Nağıl belə başlayır: “Bir eşşək var idi. Gözləri qara dairəvi, qulaqları dik, kürəyi ala. Bağda doyunca yedi və küllüyün üstünə çıxdı. Külün üstünə yuvarlandı və qışqırdı. O, dərin düşüncəyə dalıb: “Görəsən bu dünyada məni sevən, hörmət edən varmı?”. Bu fikir beynimdə ilişib qalmışdı. Tanışlarını bir-bir saydı, dırnaqlarını qatladı, amma onu sevən tapa bilmədi. “Sən həmişə eşşək olmusan, heç kimə isti münasibət göstərmədin, dostluq etmədin” deyə özünü danladı. “Dost tapıb yaxşı iş görüm ki, hörmətim qalsın” qərarını verdi və yola düşdü... Bir qoça rast gəldi. Beli qara, gözü ala qoça “Gəl, dost olub, çıxaq yola!” dedi. Sonra bir xoruz, bir də kirpi tapırlar. Macəra başlayır”.
Bu nağılı mən dördüncü sinifdə oxuyanda atamdan eşitdim və dəftərimə yazdım. Gələcəkdə kitab olacağını heç ağlıma da gətirmirdim. Evimizdə “Bremen musiqiçiləri - türkcə” kitabı var idi. Ondan da xoşum gəlirdi, bizim “Dörd həmfikir” nağılımıza bənzəyirdi. Nağılın sonunda “Qrimm qardaşları” yazılmışdı. Mən də müəllimimə göstərib dedim ki, burada “Qrimm” sözü səhv yazılıb, türkcə belə ad yoxdur. O, gülümsəyərək cavab verdi: “Bu, alman adıdır”. Soruşdum ki, bu kitabda niyə bizim “Dörd həmfikir” nağılını yazmayıblar? O da cavabında "bilmirəm” demişdi. Özümü pis hiss etdim. Şüuraltımda nağıllara üz tutmağımın bəlkə də ən təsirli səbəbi budur. İllər sonra nağılları tərtib edərkən “Dörd həmfikir”i Göktürk və Uyğur nağıllarının arasından tapdım və həyəcanlandım. Düşündüm ki, “haradan hara?!”. Atam mənə Qarsda 1500 il əvvəl yaradılmış nağıl danışmışdı. Nağılı “Asena” adlı kitabımda çap etdirdim. O, “Bremen musiqiçiləri”ndən çox qədimdir.
- Bəs ikinci səbəb nə idi?
- 1972-ci ildə Almaniyada dil kurslarına başlamışdım. Almanlar dil öyrədəndə öz tarixlərini də öyrədirlər. Orada çox maraqlı bir hekayə öyrəndim. 1800-cü ildə Almaniya bəyliklər kimi idarə olunurdu. Heç bir bəy digər bəylə anlaşa bilmirdi. Hər kəs özünü daha ağıllı, vətənpərvər hesab edirdi. Ən əsası aralarındakı mədəni və emosional birlik zəif idi. Napoleon Almaniyanı işğal edir. Alman ziyalıları bu məğlubiyyəti qəbul edə bilmir. Bethovenin 9-cu simfoniyası da bu işğala qarşı üsyandır. Həyatın işinə baxın ki, 9-cu simfoniya indi Avropa Birliyinin Milli Marşıdır. Bundan əlavə, bu ziyalıların başında Vilhelm von Humboldt, Qrimm qardaşları, Şiller kimi böyük adlar dayanır. Sonra nağıllar, dastanlar tərtib edilir, dil öyrənmələri aparılır. Qrimm qardaşları tərəfindən tərtib edilmiş və yenidən yazılmış nağıllar 1812-ci ildə nəşr edilir. Şillerin milli şüuru oyadan şövqlü şeirləri çap olunur... Hər bir kitab təkrar-təkrar nəşr olunur, uşaqlara, gənclərə oxutdurulur. Bu ortaq mədəniyyətlə böyüyən uşaqlar 36 ildən sonra ilk dəfə 1848-ci ildə Almaniyanın birgə məclisini qura bilirlər. 1872-ci ildə bəyliklərin birləşməsi ilə Almaniya Federativ Respublikası yaranır. Mən bu hadisədən yüz il sonra hekayəni öyrənirəm və beynimdə bir işıq yanır. Biz də bölünmüşük. Ruslar bütün türk vətənlərini işğal ediblər. Azərbaycandan Yakutiyaya, Tatarıstandan Altaya qədər hamısını. Hətta mədəniyyətini də ələ keçirib. Sibir türklərinin “Ayaz Ata” nağılı da rus nağılı kimi dünyaya yayılıb. Çin Şərqi Türküstanı işğal edib. Biz islamçı, dünyəvi olaraq Türkiyə daxilində bölünmüşük. Biri ərəb mədəniyyətini, digəri isə Qərb mədəniyyətini uşaqlarımıza öyrədir. Heç kim heç kimə qulaq asmır. Ona görə də düşündüm ki, ortaq mədəniyyətimizin əsərlərini öyrənib uşaqların qarşısına çıxaraq. Dedim ki, bu iş mənim üçündür. Çünki uşaqlığımda köklü nağıl mədəniyyətim olub. Nağıllarımızı toplamaq üçün yola düşməyimin ikinci səbəbi də bu idi. 1974-cü ildən bu işə başlamışam.
- Nağılların psixoloji funksiyaları hansılardır?
- Nağılların çoxlu funksiyaları var. Mən, "Nağıllar bizə nə deyir?" kitabımda nağıllardan nümunələr verərək 40 funksiya yazdım. Bu gün müəllimlər onu dərslik kimi istifadə edirlər. Nağıllar uşaqlarda gələcək təfəkkürün sistemləşdirilməsi, təfəkkürünün inkişafı, çevik təfəkkürün, mücərrəd düşüncənin, ağıllı, tənqidi düşüncənin, yaradıcı təfəkkürün inkişafına nağıllar kömək edir. Həmçinin uşağın yetkin insana çevrilməsinə şərait yaradır. Nağılsız uşaq fiziki cəhətdən böyüsə də, əqli cəhətdən inkişaf edə bilmir. Problemləri dialoq əvəzinə dava ilə həll etməyə çalışır. Nağılların bir çox başqa funksiyaları da var. Bunlar: Dili inkişaf etdirmə vasitəsi kimi ortaq hekayə yaratma, uşağın müstəqilliyini əldə etmə, ənənələrin və adətlərin ötürülməsi, uşaqları mənfilikdən xəbərdar etmə, təxəyyülün inkişafı və yaradıcılıq qabiliyyətinin inkişafı, mənalı yaşam, pessimist deyil, optimist insan yetişdirmə, tarixə nəzər salma, eybəcərlik içində gözəlliyi kəşfetmə funksiyaları var. Eybəcərdə gözəlliyi kəşf etmək funksiyasını Azərbaycan nağılı ilə izah edim. Nağılın adı “Ayıqulaq”dır. Qars, Ağrı, Ərzurum bölgələrində çox danışılır.
Nağıl belədir: “Sultan qızı bağda gəzərkən bir ayı onu götürüb qaçırdır. Axtarırlar, qızı tapa bilmirlər. Ayı onu öz mağarasına aparır və qızın ayıdan bir oğlu olur. Uşaq insana, qulaqları isə ayıya oxşayır. Qız oğlanın adını “Ayıqulaq” qoyur. Ayı mağaranın qabağını qayalarla bağlayır və meyvə, bal gətirməyə gedir. Ayı qızı da, uşağı da qızılgüllərlə bəsləyir və qoruyur. Amma ikisi də ayıya nifrət edirlər. Oğlan böyüyəndə mağaranın qabağında daşı yuvarlayır, anası ilə qaçıb saraya gəlir. Oğlan eybəcər olduğuna görə sultan ona “Ayıqulağın babası” deyəcəklərindən narahat olur və Ayıqulağı karvanbaşına təslim edir. “Bunu götür, qaytarma” deyir. Karvanbaşı Ayıqulağa ən çətin işləri verir və onu keçilməz su quyusuna endirir. Onu orada qoyub geri qayıdırlar. Ayıqulaq böyük çətinliklərdən və macəralardan keçir, yeraltı dünyasının əjdahasından xilas olub geri qayıtmağı bacarır. Yanında yeraltı sultanın qızı da olur. Babası çarəsiz qalıb onlara toy edir. Toy günü xəbər verilir ki, ayı da toya gəlib. Hamı heyrətlənir. Ayıqulağı və anası ayının qabağına qaçırlar. Göz yaşı tökən Ayı oğlunun toyunda iştirak etmək istəyir. Ana və oğulun ona yazığı gəlir və mehribanlıqla qolundan tuturlar. Bu zaman inanılmaz bir şey baş verir. Ayının dərisi parçalanır və oradan yaraşıqlı bir bəy çıxır. "Çox sağ ol. Mən şahzadəyəm. Məni ovsunlayıb ayı cildinə salmışdılar. Əlinizi sevgi ilə toxundurduğunuz üçün sehr pozuldu” deyir və onlar qucaqlaşırlar. Oğlanın da qulaqları dartılır və əsl insan qulağı şəklini alır və birlikdə toy yerinə gedirlər... ". Bu nağıl uşaqlara deyir: “Zahiri görünüşümə aldanmayın, mənə sevgi ilə toxunun, içimdəki gözəllikləri görəcəksiniz!” hissini verir, yəni çirkində gözəli kəşf etməyi öyrədir.
Ümumilikdə nağıllar uşaqlıqdan uşaqların beyin potensialını inkişaf etdirir.
- Məşhur yazıçı olmağınızda özünüzdən başqa kimin rolu var?
- Məsələn, uşaqlıqdan Səməd Vurğunun “Balalarımıza gözəl nağıllar yazaq. Kitablarla qanadlansın uşaqlar” sözləri qulaqlarımdadır. O vaxt Ankara radiosu çəkmirdi (radiqoqəbuledicimiz qəbul etmirdi - red.). Biz də Bakı və ya İrəvan radiolarının Azərbaycanca verilişlərini dinləyirdik. Hansına qulaq asdığımı dəqiq xatırlaya bilmirəm. Sonralar 20 yaşım olanda yazdıqlarımı məşhur yazıçımız Mahmut Makala göstərdim. “Mən sizin yaşınızda olanda bunları yaza bilməzdim” deyərək, mənə böyük dəstək və ruh verdi.
- “Azərbaycan nağılları” kitabını özünüz yazmısınız, yoxsa tərcümə etmisiniz?
- Bu, tərcümə deyil, onsuz da eyni dildir. Azərbaycanda deyilənləri Qarsda da deyirlər. Mən onları tərtib etdim. Nizami Gəncəvi, Əhliman Axundov, Valeh Hacılar və Ramiz Əskərin məcmuələrindən yararlandım. Amma mən onları çağdaş psixologiyanın ehtiyaclarını nəzərə alaraq, orijinaldan ayırmadan yenidən yazdım. Çünki onlar uşaqların oxuması üçün çox uzun nağıllardır. Ən çox böyüklər üçün izah olunur. Amma “Şəngülüm, Şüngülüm, Məngülüm” çox uğurlu nağıldır, onu ayrıca kitab kimi çap etdirmişəm. Bu nağıl orijinal adı ilə tərcümə oluna bilmədiyi üçün adı “Qurd və Yeddi Oğlaq” olaraq dəyişdirilərək bütün dünyaya yayılıb. Mənim inancıma görə, bu nağıl Atillanın əsgərləri ilə Fransaya gedib, orada kök salıb, 1698-ci ildə Şarl Perro (Charles Perrault) tərəfindən tərtib edilib, yazılıb və onun dünyaya yayılmasında Çarlz Perronun payı olub. Çox müvəffəqiyyətli “Tıktık xanım”, “Cırtdan” nağılları da var. Unudulmuş “Yanık ile Dilek Boncuğu” nağılı da var. Mən onu yenidən yazdım, kitab nəşr etdirdim, çox diqqət çəkdi. 8-ci nəşri avqustda olacaq. Bu kitabda 15 Azərbaycan nağılı var.
- Hazırda Almaniyada yaşayırsınız. Orada yazarlıqdan əlavə hansı işlə məşğulsunuz?
- 1974-1985-ci illərdə Almaniyada müəllim işləmişəm. 1979-cu ildə nağıl kitablarım çap olunmağa başladı və iki il ərzində çox yaxşı oxucu marağı oldu.
Almaniyanın hər şəhərindən görüş dəvəti alırdım. O vaxt məktəblərdə iki dildə hekayələr danışmağa, şagirdlərin və müəllimlərin suallarını cavablandırmağa başladım. Bu suallar nağıllar və türk mədəniyyəti ilə bağlı idi. Almaniyanın Mədəniyyət və Təhsil Nazirliyi, fondlar, varlı şirkətlər və banklar bu görüşlər üçün böyük büdcələr ayırırlar. Hər ay yüzlərlə yazıçı bu görüşlərdə iştirak edir, kitablarını imzalayır və aylıq gəlirlərini bu yolla qazanırlar. Mən də yazıçılıqdan pul qazandığıma görə, 1985-ci ildə müəllimlikdən ayrıldım. O vaxtdan bəri yazmaqdan başqa heç nə etməmişəm.
- Yücel bəy, niyə Almaniyaya köçmək məcburiyyətində qaldınız?
- 1968-ci ildə Türkiyədə ilk hekayə kitabım - “Sahipsizlər” nəşr olundu. 1969-cu ildə Qars-Arpaçay Müəllimlər Birliyini qurdum. 1971-ci ildə generallar çevriliş edib hökumət qurdular. Kitab yazdığıma və müəllimlər birliyi qurduğuma görə məni işdən çıxarıb 6 il yarım həbs cəzasına məhkum etdilər. Mən də bir il Türkiyədə gizləndim, qeyri-qanuni yaşadım və 1972-ci ildə gizli şəkildə Almaniyaya getməli oldum. Lakin 20 ildən sonra mədəniyyət naziri Fikri Sağların dəvəti ilə geri qayıda bildim. Hər işdə bir xeyir var. 20 il Vətən həsrəti ilə yaşadım, amma dillər öyrəndim, türk xalqlarının nağıllarını toplayıb təsnif etdim, ən yaxşılarını seçib yenidən yazdım, 32 kitab halında nəşr etdirdim. Bu, bütün türk dünyasının xeyrinə idi. Türkiyədə qalsaydım, bu qədər şeyə nail ola bilməzdim.
- Türkiyəyə tez-tez gedirsiniz?
- Bəli. İki ay Türkiyədə, iki ay Almaniyada oluram. Hər iki ölkədə görüşlərim var. Menecerlərim cədvəlimi qururlar, mən də gedirəm. Almaniyadakı görüşləri bir az azaltmışam.
- Azərbaycanda neçə dəfə olmusunuz, yenidən gəlmək istərdinizmi?
- 1982-ci ildən bəri Azərbaycanda çox olmuşam. Azərbaycan mənim ata-baba yurdumdur. Atam və nənəm o qədər danışmışdılar ki, mən gəlməzdən əvvəl yuxumda Bakını gördüm. Gələndə Gülüstan sarayından şəhərin mənzərəsinin yuxumdakı şəhər olduğunu görüb çox heyrətlənmişdim. Təbii ki, yenidən gəlmək istəyirəm. “Türk Dünyası Nağılları” layihəsi tamamlanaraq 32 cilddə nəşr olunub. Dəvət olunsam, gəlib Azərbaycanda bu haqda danışaram. Gəliş-gediş haqqından qorxmasınlar, ev sahibliyi etsinlər, kifayətdir.
- Azərbaycan müəllimləri ilə də əlaqəniz olduğunu eşitdik.
- Əlbəttə. Elçin Abbasov və Aynur Axundovanın rəhbərliyi ilə “Nərdivançı” layihəsi çərçivəsində “Teams” vasitəsilə azərbaycanlı müəllimlərlə yaxşı görüş keçirdik. Görüşdə çoxlu müəllimlər iştirak edirdi. Cavab verilməli çoxlu suallar var idi. Müəllimlər qədim mədəniyyətimizlə maraqlanırlar. Onlar öyrənmək istəyirlər. Bu, çox gözəldir. Anladığım qədər, Türkiyədə olduğu kimi Azərbaycanda da müəllimlər digər türk xalqlarının nağılları haqqında çox az məlumatlıdırlar. İstərdim ki, Türk Dünyasından “Qardaş nağılları” seriyası Azərbaycanda və digər türk yurdlarında yayımlansın. Çünki türk mədəniyyəti sərhədlərlə məhdudlaşdırılacaq bir mədəniyyət deyil. Bütün dünya uşaqlarına yayılan Qrimm qardaşlarının nağılları 263 ədəddir. Türk yurdlarında yalnız mənim çap etdiyim nağılların sayı 650-dir. Dünyanın ən zəngin mədəniyyətlərindən biridir. Uşaqlarımız bu mədəniyyəti bilməlidir. Müəllimlər bu mədəniyyəti bilsələr, yeni metodlar işlədə bilərlər, uşaqlarımız daha yaxşı şəkildə böyüyəcək. Bu, gələcəyimiz və dünya ilə rəqabət aparmaq üçün lazımdır. Hiss etdim ki, iclasda iştirak edən müəllimlər buna həvəslə yanaşırlar və sevindim. Təəssüf ki, bu görüşü üz-üzə keçirə bilmədik. Əlimizdən gəlsəydi, daha səmimi, daha isti olardı. Bir-birimizlə daha çox məlumat mübadiləsi aparardıq.
- Azərbaycan yazıçılarını oxuyursunuzmu?
- Əlbəttə! Mirzə Fətəli Axundovun, Cəfər Cabbarlının pyeslərini, Füzulinin, Aşıq Ələsgərin, Sabirin, Səməd Vurğunun, Süleyman Rüstəmin, Hüseyn Cavidin, Bəxtiyar Vahabzadənin şeirlərini oxumuşam. İsmayıl Şıxılının “Dəli Kür”, Mirzə İbrahimovun “Gələcək gün”, Səid Qurbanın “Əli və Nino”, Elçin Əfəndiyevin “Mahmud və Məryəm”, “Bayraqdar”, “Ölüm hökmü” əsərlərini oxumuşam.
Cəlal Bərgüşadın “Bozatın belində”, Anarın “Beş mərtəbəli evin altıncı mərtəbəsi”, “Çağdaşlarım” və “Dədə Qorqud”. Vaqif Səmədoğlu, Səməd Behrəngi və bir çox başqa Azərbaycan şair və yazıçılarının kitablarını oxumağı çox sevirdim.
- Kitablarınız dünyanın neçə ölkəsində nəşr olunur?
- Bir çox ölkələrdə, daha çox Türkiyə, Almaniya, Hollandiyada. Hekayələrimdən biri yunan dilində çıxdı. “Əkizlər və iki qurbağa” nağılım rus dilinə tərcümə olundu, lakin tərcüməçi digər nağılları tərcümə etməkdən imtina etdi. Çünki onun, bu nağılların Türk Dünyası arasında mədəni birliyə xidmət edəcəyini anladığını düşünürəm. Əsas məqsədim onları türk dillərinə köçürməkdir. Türkiyənin ən məşhur rəssamının illüstrasiya etdiyi, çox müvəffəqiyyətli dizaynerlərin dizayn etdiyi Doğubatı nəşriyyatı heç bir xərc çəkmədən yüksək keyfiyyətli bir seriya nəşr etdi. Səhifələrdə yalnız digər türk dilinə tərcümələr yerləşdiriləcək və dərc olunacaq. Necə ki, ispanca bir kitab eyni dildə danışan 16 dövlətdə nəşr olunursa, mən də onun bu şəkildə nəşr olunmasını istəyirəm.
- Nağıllarınıza cizgi filmləri çəkilibmi?
- Yox. Hollandiya televiziyası maraq göstərdi, rəsmlər çəkdirdi, amma rəsmləri bəyənmədim, ona görə də qaldı.
- Kitablarınızdan hansı sizin üçün daha özəldir?
- Mənim üçün 32 kitabın hamısı çox əzizdir. Hər biri bitdikdən sonra yenidən çap olunur. Ancaq onlardan bəziləri daha şanslıdır.
- Hansı türk xalq nağıllarını daha təsirli hesab edirsiniz?
- Hər türk xalqının çox təsirli və zəif nağılları var. Mən daha təsirli olanları seçdim. Bu silsilədən olan kitablar oxunduqda türk xalqları bir-birindən ayrı olsa da, onların arasında mədəni birliyin olduğu görüləcək. Məsələn, Azərbaycanda “Cırtdan və div”, Dağıstanda “Çilbik”, Türkiyədə “Kəloğlan”, türkmənlərdə “Yartı Kulak ile Bir Karış Boy İki Karış Sakal”, başqırdlarda “Əmanət”, Sibir türklərində “Öksüzoğul”. Hamısı oxşar nağıl qəhrəmanlarıdır.
- Kitablarınızın ən çox oxucusu haradandır, mesajlar alırsız?
- Bəli, çoxlu mesajlar və məktublar alıram. Uşaqlar sevdikləri nağılları danışırlar. Çoxları nağıl üçün yeni şəkillər çəkib göndərirlər. Fikirlərini bildirirlər, suallar verirlər. Onlar öz nağıllarını yazıb göndərirlər. 23 il əvvəl alman uşaq mənə bir təklif irəli sürmüşdü. O, məndən həm Şərq, həm də Qərb nağıllarının elementlərini ehtiva edən bir nağıl yazmağımı xahiş etmişdi. Altı ay yalnız ancaq bu nağılı düşündüm, dönə-dönə yazdım və nəhayət, “Sehirli limon” nağılı ortaya çıxdı və həqiqətən də sevildi.