Bakı. 2 mart. REPORT.AZ/ Xalq yazıçısı Anarın əvvəllər dəfələrlə Türkiyə və Rusiyada, habelə Almaniya, İsveçrə, Çexiya, Slovakiya, Macarıstan, Estoniya, Gürcüstan və Özbəkistanda nəşr edilmiş “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı indi “Təhminə” adı ilə yunan dilində çap olunub.
"Report" xəbər verir ki, bu barədə məlumatı AYB saytı yayıb.
Azərbaycan səfirliyinin dəstəyi ilə Afinanın “Qavrilidis” nəşriyyatı tərəfindən min tirajla buraxılan kitabı yunan dilinə Yelena Rapti çevirib.
Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev kitaba ön söz yazıb. Səfir qeyd edib ki, bu əsər yunan dilinə çevrilən ilk Azərbaycan romanıdır.
Fevralın 24-də Afinanın “İonas” kitab evində nəşrin geniş təqdimatı olub. Tədbirdə səfir Rəhman Mustafayev, yunan ictimaiyyətinin nümayəndələri çıxış ediblər.
Tədbirdə yazıçı Anar və qızı Günel Anarqızı iştirak ediblər. Təqdimat mərasimində YUNESKO-nun sülhməramlı səfiri xanım Marianna Vardinoyannis çıxış edib. Məşhur yunan teatr və kino aktrisası Katerina Lexu romandan parçalar ifa edib.
Kitabın redaktoru, Ukrayna əsilli Marina Şkurova romanın nəşrinə – tərcümə və bədii tərtibat işinə ciddi məsuliyyətlə yanaşıldığını, ümumi rəyə görə tərcümənin çox uğurlu alındığını vurğulayıb.
Qeyd edək ki, Anar "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanını 1974-cü ildə yazıb.
Yazıçının 50 illik ədəbi fəaliyyəti ərzində əsərləri 32 dilə çevrilib və 20-dən artıq ölkədə kitab şəklində nəşr edilib.
Təqdimat mərasiminin sonunda yazıçı Anarın imza günü keçirilib.