Tbilisi. 15 oktyabr. REPORT.AZ/ Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Böyük İslam Filosofları” kitabının təqdimatı olub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, mərasimdə çıxış edənlər bu kitabın İslamı gözdən salmaq istəyənlərə tutarlı cavab, sanballı elmi mənbə olduğunu bildiriblər.
Muzeyin direktoru Leyla Əliyeva bildirib ki, son zamanlar azərbaycanlı alim və jurnalistlərin kitablarının gürcü ictimaiyyətinə təqdim olunması ənənə halını alıb. Bu kitablar Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin təbliğində mühüm rol oynayır.
İ. Cavaxişvili adına Tbilisi Dövlət Universitetindəki “Azərbaycanın dostları klubu”nun koordinatoru Leyla Əmrahova isə bildirib ki, bu kitab İslama qarşı olanlara, İslamı terrorçu, düşmən dini adlandıranlara qarşı ən yaxşı vasitə olacaq.
Kitabın redaktoru, “Qarapapaqlar” jurnalının təsisçisi Akif Xansultanlı bildirib ki, bu kitab İslam mədəniyyətinin yetişdirdiyi, çoxlu sayda fəlsəfə və elm sahələrinə aid yazılmış yüzlərcə əsərin müəllifləri - böyük İslam filosofları haqqındadır. Kitabda oxuculara həmin filosofların ömür yolu və yaradıcılığı haqqında önəmli məlumatlar verilir. Kitab İslam fəlsəfə məktəbləri, Orta əsrlərdə böyük İslam filosofları, Orta əsrlərin sonu Yeni dövrün başlanğıcında İslam fəlsəfi mühitinin təsviri, Yeni və müasir tarixi dövrdə İslam fəlsəfəsinin cizgiləri adlı dörd fəsildən ibarətdir.
Sonra kitabın müəllifi Atif Abbasov çıxış edərək kitabın yazılma məqsədi, kitabın əhəmiyyəti, apardığı elmi araşdırmalar barədə məlumat verib, tədbir təşkilatçılarına təşəkkür edib.
Digər çıxış edənlər kitabın əhəmiyyətindən danışıb, onun İslamı öyrənmək istəyənlər üçün dəyərli elmi mənbə olduğunu vurğulayıblar.