Bakı. 11 may. REPORT.AZ/ Seyid Cəfər Pişəvərinin "Nadirə" romanı Azərbaycan dilinə tərcümə olunub.
Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 16-da birliyin "Natəvan" klubunda əsərin təqdimat mərasimi olacaq. Romanı fars dilindən Yədulla Kənani tərcümə edib.
Qeyd edək ki, S.C.Pişəvərinin fars dilində yazdığı iki böyük həcmli ədəbi əsərindən biri olan “Nadirə” romanı XX əsrin birinci onilliyində ölkənin fəlakətli vəziyyətinin Nadirə adlı bir qadının dili ilə nəql edilməsi üzərində qurulub.
Nadirə obrazı o dövrdə ziyalı qadınların birisinin simasını canlandırır. Nadirə bir tacir ailəsində dünyaya göz açmasına baxmayaraq, o dövrdəki başqa qadınlar kimi heç bir hüquqa malik deyil.
Bu roman həm Şərq, həm də Avropa romanları üslubunda yazılıb.
Romanda XX əsrin əvvəllərində İranın sosial-siyasi mühitində baş verən hadisələr, xüsusilə I Dünya müharibəsinin törətdiyi faciələrin bir qismi bədii lövhələrlə oxucuya təqdim edilir. Həmçinin, bu əsər İran ictimaiyyətindəki eyni sinfin müxtəlif tərz-təfəkkürdə olan nümayəndələrini üzləşdirir və onlara məxsus tipik xarakterləri ustalıqla təsvir edir.