Bakı. 25 noyabr. REPORT.AZ/ Çex Respublikasının Azərbaycandakı səfiri Vitezslav Pivonka Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Mərkəzin mətbuat ximətindən "Report"a verilən məlumata görə, dünya ədəbiyyatı nümunələrinin Azərbaycana, Azərbaycan ədəbiyyatının dünyaya tanıdılması istiqamətində görülən işlərdən, dil və tərcümə sahəsində aparılan islahatlardan danışan mərkəzin direktoru Afaq Məsud qurumun Çex ədəbiyyatına da kifayət qədər yer ayırdığını, məşhur Çex şair və yazıçıları Mixail Çernikin, Yaroslav Qaşekin, Karel Sisin, Milan Kunderanın əsərlərinin tərcümə olunaraq, “Xəzər” dünya ədəbiyyatı jurnalında nəşr edildiyini bildirib.
A.Məsud deyib ki, çex dili üzrə lüğət ölkədə ilk dəfə nəşr olunur: "Düşünürəm, belə bir lüğətə həm Çex Respublikasında, həm Azərbaycanda böyük ehtiyac var. Bu gün Çex-Azərbaycan əlaqələri hər sahədə inkşaf etdirilir və bütün mübadilələrin və münasibətlərin qurulmasında önəmli əhəmiyyət daşıyan məsələlərdən biri bu münasibətləri, istər şifahi, istərsə də yazılı şəkildə tənzimləyəcək müvafiq dil və tərcümə vəsaitlərinin olmasıdır."
Mərkəzin ədəbiyyatlararası mübadilələr, milli ədəbiyyatın beynəlxalq aləmdə təbliği, eləcə də dil və tərcümə sahəsində gördüyü işləri yüksək dəyərləndirən səfir Vitezlav Pivonka Çex-Azərbaycan əlaqələrinin möhkəmlənməsində ədəbiyyatın rolunu xüsusi qeyd edib.
Vitezslav Pivonka, həmçinin Azərbaycan ədəbiyyatının nümunələrindən ibarət topluların ölkəsində, Çex ədəbiyyatı nümunələrindən ibarət topluların Azərbaycanda tərcümə və nəşr edilməsi ilə bağlı təkliflərini irəli sürüb.