Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına sonradan Qarabağın kitabxanalarına göndəriləcək kitabların verilməsi mərasimində iştirak edib.
Səfirlikdən “Report”a verilən məlumata görə, ölkənin və regionun ən qədim kitabxanasının fonduna 500-dən çox kitabın verilməsi Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində baş tutub.
Təqdim edilən kitablar arasında tarixi, bədii, elmi və maarifləndirici kitablar, o cümlədən Qazaxıstan nəsrinin və poeziyasının antologiyası yer alıb. Eyni zamanda səfirliyin dərc etdiyi və Azərbaycan dilinə tərcümə olunmuş qazax yazıçıların əsərləri də təqdim olunub: “Qazax xanlığı: başlanğıcı, ənənələri və irsi”, “Alaş Orda” elmi məqalələrin toplusu, “Koblandı Batır” qazax milli qəhrəmanlıq eposu, N.Məmmədov-Tağısoyun “Muxtar Auezovun yaradıcılığı: ənənədən novatorluğa qədər”, Rollan Seysenbayevin “Dünyanın çökdüyü gün” əsərləri və s.
Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov çıxışında bildirib ki, qarşılıqlı kitab mübadiləsi, Qazaxıstan və Azərbaycan ədəbiyyatı mərkəzlərinin açılışı xalqlarımıza və yeni nəsillərə ümumi tarixi, mədəni və dil kökləri, çoxəsrlik dostluğu və mənəvi birliyi haqqında nəşrlər vasitəsilə məlumat verilməsi üçün əla imkandır. Səfir hədiyyə olunan kitabların iki qardaş xalqın mədəni və təhsil baxımından qarşılıqlı zənginləşməsinə və Qarabağda kitabxanaların dirçəlməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasın direktoru Kərim Tahirov aksiyaya dəstək verdiklərinə görə Qazaxıstan səfirinə təşəkkür edib. O qeyd edib ki, ildən-ilə daha çox sayda kitab, məqalə, toplu gələcək nəsillər üçün hədiyyə verilir: “Bu kitablar gələcək nəsillər üçün önəmlidir. Təbii ki, Qazaxıstan yazıçılarının Azərbaycan dilində olan kitabları da Qarabağ kitabxanaların kitab fondunu zənginləşdirəcək”.
Tərəflər ikitərəfli əməkdaşlığın aktual istiqamətlərini, təcrübə mübadiləsi və qarşılıqlı informasiya dəstəyinin göstərilməsi məqsədilə qarşıdan gələn tədbirlər və kitab sərgiləri ilə bağlı məsələləri dəmüzakirə ediblər.