Yuxarı

Fransada Azərbaycan Cümhuriyyətinin yaradıcılarına həsr edilmiş “Prometey hərəkatı” adlı kitab hazırlanır

“Prometey hərəkətı“ kitabı rus dilində Bakıda çap olunacaq

Paris. 14 fevral. REPORT.AZ/ Fransada mühacir həyatı sürmüş, 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının (ADR) yaradıcıları olmuş şəxslərə həsr olunan daha bir kitab hazırlanır.

Bu barədə “Report”un Qərbi Avropa bürosuna Qafqazın azadlığı uğrunda mübarizə mövzusunda elmi işini Fransa Sosial Elmlər üzrə Ali Məktəbində müdafiə etmiş və bu mövzuda bir neçə cilddən ibarət kitabın müəllifi olan, tarix elmləri doktoru Georq Mamuliya bildirib.

Müəllifin Ramiz Abutalıbov ilə birlikdə ərsəyə gətirdiyi, Paris Sülh Konfransında iştirak etmək üçün Fransaya gəlmiş ADR yaradıcılarından olan Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli və digər mühacirlərə həsr olunan “Ə.M.Topçubaşi. Paris arxivi. 1919-1940” (A.M.Топчибаши. Парижский архив. 1919–1940) dörd cildlik kitabından sonra müəllif “Prometey hərəkatı” kitabı üzərində işlədiyini bildirib: “Fransada saxlanılan arxiv sənədlərindən məlum olub ki, Əlimardan bəy Topçubaşov digər millətlərdən olan mühacirlərlə də yaxşı münasibətlər qurmağa nail olub. Prometey hərəkatının əsas məqsədi rus olmayan xalqlara rusların işğalından azad olmağa və müstəqilliklərini bərpa etməyə yardım göstərmək, bu mübarizədə onların fəaliyyətlərini koordinasiya etmək idi. Bununla bağlı sənədlər Fransa arxivlərində və kitabxanalarında mühüm yer tutur. Belə ki, Polşanın maliyyələşdirdiyi bu hərəkatın tərkibində Azərbaycan Milli Mərkəzi fəaliyyət göstərirdi və ilk rəhbəri də Əlimardan bəy Topçubaşov olub. Əgər Qafqaz xalqları XIX əsrin sonları XX əsrin əvvəllərində özlərini idarə etmək hüququ qazanmaq uğrunda mübarizə aparırdılarsa, Polşa tam müstəqillik əldə etməyə çalışırdı və bu məqsədlə də Rusiyanın əsarətdə saxladığı digər xalqların azadlıq mübarizəsinə dəstək verirdi. Polşa Rusiya ilə sərhədində yeni bir dövlətin yaranmasında maraqlı olduğundan ən çox ukraynalılara dəstək verirdi. Ümumiyyətlə, Polşa bolşeviklərə qarşı mübarizəni davam etdirən mühacirlərə dəstək vermək məqsədilə böyük layihələr həyata keçirirdi. Azərbaycan da zəngin respublika olduğundan bu layihələrdə xüsusi yer tuturdu. Belə ki, o zaman rusların neftə olan tələbatının 90 faizini Bakı nefti ödəyirdi. Bu hərəkata Prometey adının verilməsi simvolik xarakter daşıyırdı. Tarixi əfsanəyə görə, insanlara od verməkdə ittiham olunan Prometey bu əməlinə görə Qafqaz dağlarına sürgün edilmişdi. Onu azad etmək uğrunda mübarizə həmin dövrdə Qafqaz xalqlarının azadlığı uğrunda mübarizəyə bənzədilmişdi. Hərəkatın "La defence de Caucasse", yəni Qafqazın müdafiəsi adlı jurnalı da nəşr edilirdi”, - deyə o vurğulayıb.

“Prometey hərəkətı“ kitabı rus dilində Bakıda çap olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi