Özbəkistanda Nizami Gəncəvinin “İqbalnamə” əsəri çap olunub

Özbəkistanda Nizami Gəncəvinin “İqbalnamə” əsəri çap olunub Bakı. 26 dekabr. REPORT.AZ/ Özbəkistanda Azərbaycanın dahi şairi Nizami Gəncəvinin “İqbalnamə’” əsəri çap olunub.  
Ədəbiyyat
26 Dekabr , 2017 16:25
Özbəkistanda Nizami Gəncəvinin “İqbalnamə” əsəri çap olunub

Bakı. 26 dekabr. REPORT.AZ/ Özbəkistanda Azərbaycanın dahi şairi Nizami Gəncəvinin “İqbalnamə’” əsəri çap olunub.  

"Report" xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə işıq üzü görən kitab Daşkənddəki “Extremum Press” nəşriyyatında nəşr edilib.

Əsəri orjinaldan özbəkcəyə çevirən Özbəkistanın xalq şairi Camal Kamaldır. Kitabın ön sözünün müəllifi Daşkənddəki Ə.Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov, rəyçilər professor Naim Karimov, Boqicon Toxliyevdir.

Ş.Siracəddinov kitaba yazdığı ön sözdə Azərbaycan-Özbək ədəbi əlaqələrində Nizami Gəncəvinin yaradıcılığını yüksək qiymətləndirib, Nizaminin təsiri ilə nəinki özbək ədəbiyyatının, bütün Şərq ədəbiyyatının inkişafa nail olduğunu və zənginləşdiyini qeyd edib. O vurğulayıb ki, "İsgəndərnamə" özünün yüksək ideya və bədii dəyərləri ilə Yaxın Şərq xalqları ədəbiyyatına güclü təsir göstərib, Şərqdə yazılan Əmir Xosrov Dəhləvinin Ayineyi-İsgəndəri, Əbdürrəhman Caminin Xirədnameyi-İsgəndəri, Əlişir Nəvainin Səddi-İsgəndəri və başqa əsərlər Nizami "İsgəndərnamə"sinin təsiri ilə yaradılan əsərlər sırasındadır.

Kitabın tərcüməçisi, Özbəkistanın xalq şairi Camal Kamal qeyd edib ki, “İqbalnamə” dahi şairin beşinci əsəri “İskəndərnamə”nin ikinci kitabı, Nizami yaradıcılığının dürdanəsidir.

Əsərdə hökmdar İskəndərin filosoflarla söhbəti, onun səyahətləri, İsgəndərin peyğəmbərlik səfərinə çıxması, qəhrəmanın xəstəliyi və ölümü ilə əlaqəli olaraq oxucuya kədərli səhnələr və təbiət mənzərələri təqdim edilib, habelə İsgəndərin ölümünü göstərən səhnələr və sonrakı final hissədə filosofların, hətta Nizaminin öz ölümü təsvir edilib.

Kitabın 2018-ci ilin əvvəllərində səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində və Daşkənddəki Nizami Gəncəvi adına Dövlət Pedaqoji Universitetində, Əlişir Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetində geniş təqdimat mərasimlərinin keçirilməsi planlaşdırılır.

Təqdimat mərasimindən sonra kitabın Özbəkistanın və Azərbaycanın aparıcı kitabxanalarına, elm, təhsil, tədqiqat müəssisələrinə göndərilməsi planlaşdırlır.

Nizami irsinin dünyada tanıdılması və geniş təbliğ etmək məqsədi ilə 2015-ci ildən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi geniş layihəyə - Nizami Gəncəvinin bütün əsərlərinin özbək dilinə tərcüməsi layihəsinin icrasına start verib. Bununla əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Özbəkistanın xalq şairi Camal Kamal arasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün poemaların özbək dilinə tərcümə edilməsi barədə müqavilə imzalanıb.

Şair, tərcüməçi Camal Kamal Nizami Gəncəvinin üç əsərini “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “İqbalnamə” əsərlərini özbək dilinə tərcümə edib və həmin əsərlər Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə çap edilib.

Hazırda C.Kamal Nizami Gəncəvinin “Şərəfnamə” əsərini özbəkcəyə tərcüməsi üzərində işləyir. Gələcəkdə “Xosrov və Şirin”, “Yeddi gözəl” əsərlərinin də özbəkcəyə tərcüməsi nəzərdə tutulub.

Qeyd edək ki, hər dəfə Daşkənddə çap olunan Nizami Gəncəvinin kitablarının üz qabığında şairin əsərlərindən ibarət miniatürlər və dahi şairin Azərbaycanda, dünyada mövcud heykəllərinin şəkli verilir. 

Son xəbərlər

Orphus sistemi