Özbək şairi Camal Kamalın 80 illik yubileyi Bakıda qeyd olunub

Özbək şairi Camal Kamalın 80 illik yubileyi Bakıda qeyd olunub Özbəkistanın xalq şairinə Bakı Avrasiya Universitetinin Fəxri doktor diplomu verilib
Ədəbiyyat
31 May , 2017 20:52
Özbək şairi Camal Kamalın 80 illik yubileyi Bakıda qeyd olunub

Bakı. 31 may. REPORT.AZ/ Avrasiya Universitetində Özbəkistanın xalq şairi, tanınmış tərcüməçi, alim, yaradıcılığı Azərbaycan və Şərq ədəbiyyatı ilə sıx bağlı olan Camal Kamalın 80 illik yubileyi keçirilib.

Universitetin mətbuat xidmətindən "Report"a verilən məlumata görə,  giriş sözü ilə tədbiri açan universitetin rektoru, professor Nazim Hüseynli Özbəkistan və Azərbaycan ədəbi əlaqələrinin dərin köklərinə toxunaraq, bu əlaqələrin digər sahələrdə də inkişaf etməsindən danışıb.

Tədbirdə çıxış edən millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında müstəsna rolu olan Camal Kamalın həyat fəaliyyəti və geniş yaradıcılığına toxunaraq onun Azərbaycanın böyük şairi Nizami Gəncəvinin “Xəmsə”sini özbək dilində tərcümə etməsini, eləcədə Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün və digər Azərbaycan ədiblərinin əsərlərini özbək xalqına təqdim və təbliğ etməsinə görə dərin təşəkkürünü bildirib.

Tədbirin sonunda Özbəkistanın xalq şairinə Bakı Avrasiya Universitetinin Fəxri doktor diplomunun təqdimatı olub və xatirə şəkilləri çəkdirilib.

Camal Kamal Bakı Avrasiya Universitetinin rektoruna, eləcə də universitetin professor-müəllim kollektivinə ona yüksək adın verilməsinə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Camal Kamalın yaradıcılığında Azərbaycan ədəbiyyatı xüsusi yer tutur. Camal Kamal Azərbaycan şairləri Bəxtiyar Vahabzadənin Məhəmməd Füzuli barədə yazdığı “Şəbi-Hicran” (Ayrılıq gecəsi) və Xəlil Rza Ulutürkün Nəsimiyə ithaf etdiyi “Fəryad” poeması və bir sıra şeirləri özbək dilinə tərcümə edib. Onu Azərbaycan şair və ədəbiyyatşünasları ilə dostluq əlaqələri bağlayır. O, Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə ilə sıx dostluq əlaqələri olub.

Camal Kamal 40-dan çox əsəri rus, fars, ingilis dillərindən özbək dilinə tərcümə edib. Onların əksəriyyəti dünya klassikasının şedevrləri hesab olunur – Şekspirin on iki dramı, Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan poemalar.

Son xəbərlər

Orphus sistemi