Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyində istedadlı şair Sabir Zamanlının “Ömür məndən inciməsin” adlı şeirlər kitabının təqdimatı keçirilib.
"Report"un məlumatına görə, tədbiri giriş sözü ilə açan şair-tənqidçi Balayar Sadiq şairin məhsuldar yaradıcılıq yolundan, əzmkarlığından, işləməkdən sonsuz zövq aldığından, şeirlərinin ümumi ruhundan, oxucularda yaratdığı xoş ovqatdan ətraflı danışmış, onun oxucularla ikinci görüşünə səbəb olan “Ömür məndən inciməsin” adlı kitabda yer alan şeirlərdən nümunələri iştirakçıların nəzərinə çatdırıb.
Təqdimat mərasimində şairin qələm dostları, ictimaiyyət nümayəndələri iştirak edərək onun ünvanına xoş sözlər söyləyib, arzularını çatdırıblar. Çıxışçılar şairin kitabındakı şeirləri hərtərəfli və geniş çərçivədə xarakterizə edərək, onun nə qədər zəhmətkeş, həm də tənqidə açıq olduğunu bildiriblər. Zəlimxan Məmmədli, Eldar Səfa Şahvələdlı, Əlizadə Nuri, Fərqanə Mehdiyeva, Nurəddin Ədiloğlu, Qəşəm Nəcəfzadə, Hüseyn Sözlü, Mehman Göytəpəli, Hikmət Məlikzadə şairin söz dünyasında yeni bir ovqat yaratdığı, həyata poetik münasibəti barədə maraqlı fikirlər səsləndirib, ümumilikdə Borçalı ədəbi mühiti ilə bağlı diqqətçəkən sözlər deyiblər.
Tədbirin sonunda S.Zamanlı yaradıcılığına verdikləri yüksək qiymətə görə iştirakçılara minnətdarlığını bildirib, bu görüşün onun üşün çox əhəmiyyətli olduğunu vurğulayıb.