Bakı. 4 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Azərbaycan ədəbiyyatının dünya dillərinə tərcüməsi və beynəlxalq müstəvidə tanıdılması istiqamətində iş aparır.
Mərkəzdən "Report"a daxil olan məlumata görə, bu fikirləri mərkəzin direktoru Afaq Məsud Yaponiyanın fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi ilə görüşü zamanı deyib.
O bildirib ki, artıq bir neçə dilə tərcümə edilmiş "Müasir Azərbaycan ədəbiyyatı antologiyası"nın ayrı-ayrı ölkələrdə təqdimatı gözlənilir: "Yaponiyaya gəlincə, burda məsələ bir qədər çətindir. Bildiyiniz kimi, yapon dilinin tədrisinə Azərbaycanda bir neçə ildir başlanılıb. Bu mənada, Azərbaycan dilində yazılmış bədii əsərin orijinaldan yapon dilinə birbaşa tərcüməsi uzun bir zaman kəsiyi tələb edən məsələdir. Lakin bu işə yapon dilinə edilmiş sətri tərcümələr və köməkçi mətn kimi, əsərlərin rus, yaxud türk dilinə tərcümə olunmuş ədəbi mətnlərindən istifadə ilə başlaya bilərik. Sonrakı mərhələdə əsərlərin yapon dilində bədii tərcüməsinin alınmasına bizə yapon tərcüməçiləri, bu işə marağı olan yazıçı və şairlər kömək edə bilərlər".
Səfir isə deyib ki, Azərbaycan ədəbiyyatının Yaponiyada tanıdılması istiqamətində müəyyən işlər görülməlidir. Onun sözlərinə görə, ilk növbədə yapon dilinin tədrisi istiqamətində tərcüməçilik ixtisasının formalaşdırılması vacibdir.