“Mirzə Cəlilin Azərbaycanı” filmi Tbilisidə nümayiş etdirilib - FOTO

“Mirzə Cəlilin Azərbaycanı” filmi Tbilisidə nümayiş etdirilib - FOTO Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində görkəmli ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan “Mirzə Cəlilin Azərbaycanı” sənədli filmi nümayiş etdirilib.
Ədəbiyyat
3 Mart , 2020 18:59
“Mirzə Cəlilin Azərbaycanı” filmi Tbilisidə nümayiş etdirilib - FOTO

Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində görkəmli ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan “Mirzə Cəlilin Azərbaycanı” sənədli filmi nümayiş etdirilib.

“Report”un yerli bürosu xəbər verir ki, filmin ilk xarici premyerası Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Tədbiri açan muzeyin direktoru Leyla  Əliyeva bildirib ki, ekran əsərini Azərbaycanın Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyası lentə alıb. O qeyd edib ki, C.Məmmədquluzadənin yaradcılığının mühüm dövrlərindən biri Tbilisinin payına düşüb və filmin ilk xarici nümayişinin məhz bu şəhərdə təşkil olunması əlamətdardır.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxışında ötən il Prezident İlham Əliyevin C.Məmmədquluzadənin 150 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzaladığını xatırladıb. Onun sözlərinə görə, “Mirzə Cəlilin Azərbaycanı” filminin Tbilisi və Qori şəhərlərindəki çəkilişlərinin həyata keçirilməsinə səfirlik dəstək göstərib. Səfir qeyd edib ki, filmin Gürcüstanda çəkilməsi Mirzə Cəlilin fəaliyyət və yaradıcılığının bu ölkə ilə bağlı olmasıdır.

D.Həsənov yaradıcı heyətə filmin ərsəyə gətirilməsinə görə təşəkkürünü bildirib.

Filmin rejissoru Tahir Əliyev öz növbəsində bildirib ki, sənədli film bu ilin payız aylarında gürcü dilində hazırlanacaq və Gürcüstanda daha geniş ictimaiyyətə təqdim olunacaq.O, filmin Gürcüstanda çəkilişlərinə göstərdiyi dəstəyə görə Azərbaycanın bu ölkədəki səfirliyinə minnətdarlığını çatdırıb.

Ssenari müəllifi Nadir Bədəlov “Mirzə Cəlilin Azərbaycanı” filminin Tbilisidə nümayiş etdirilməsindən böyük məmnunluq duyduğunu söyləyib. O deyib ki, filmin əsas qəhrəmanı Mirzə Cəlillə yanaşı, ikinci qəhrəmanı onun həyat yoldaşı Həmidə xanım Cavanşir-Məmmədquluzadədir.

Daha sonra çıxış edən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Aygül İsayeva C.Məmmədquluzadə haqqında filmi gələcək nəsilləri böyük ədibin həyat və yaradıcılığı ilə tanış etmək baxımından yüksək qiymətləndirib.

Film C.Məmmədquluzadənin həyatı, yaradıcılığının müxtəlif dövrləri, Tbilisidə nəşrinə başladığı “Molla Nəsrəddin” jurnalından bəhs edir. Çəkilişlər Naxçıvan və Ağcabədi rayonlarında da aparılıb.

Nümayişdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, azərbaycanlı ziyalı və gənclər iştirak ediblər. Filmi izləyicilər böyük maraqla və alqışlarla qarşılayıblar.

Qeyd edək ki, sənədli filmin premyerası fevralın 28-də Bakıda Nizami Kino Mərkəzində olub.

Son xəbərlər

Orphus sistemi