Bakı. 17 oktyabr. REPORT.AZ/ Britaniyalı xanım yazıçı Anna Berns ədəbiyyat sahəsində verilən nüfuzlu Buker mükafatına ("Man Booker Prize for Fiction") layiq görülüb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı mükafatın təşkilat komitəsi Londonun Siti Hildholl ratuşasında keçirilən təntənəli ziyafət zamanı elan edib.
Berns sözügedən mükafata 18 yaşlı qız adından yazılan "Milkman" romanına görə layiq görülüb. Münsiflər romanı "qeyri-adi orijinallığ"ına görə bəyəniblər.
"Bizlərdən heç birimiz heç vaxt belə bir şey oxumamışıq", - deyə münsiflər heyətinin sədri, britaniyalı filosof və yazıçı Kvame Entoni Appia qalibi təqdim edərkən söyləyib.
Mükafat uğrunda britaniyalı Deyzi Conson ("Everything Under") və Robin Robertson ("The Long Take"), iki amerikalı — Reyçel Kuşner ("The Mars Room") və Riçard Pauers ("The Overstory"), həmçinin kanadalı Esi Eduqyan (Washington Black) mübarizə aparıb.
Bundan əvvəl amerikalı yazıçı Pol Bittinin "Satış" romanına görə Buker mükafatı aldığı xəbər verilmişdi.