Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycanın Macarıstandakı səfirliyində Macarıstan-Azərbaycan Dostluq Cəmiyyəti ilə birlikdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım mərasimi keçirilib.
Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, mərasimdə əvvəlcə yazıçı Günel Anarqızının Budapeştdə Azərbaycan və macar dillərində yenicə çapdan çıxan "Qarabağ hekayələri" kitabının təqdimatı keçirilib. İndiyə qədər bir sıra dillərə tərcümə edilən hekayələr toplusu səfir Vilayət Quliyevin "İtirilmiş cənnətin sorağında" adlı ön sözü ilə açılır.
Anım mərasimində çıxış edən Vilayət Quliyev qonşu Ermənistanın təcavüzkar siyasəti nəticəsində ötən əsrin əvvəllərindən etibarən azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, tarixi torpaqlarından sürgün edilməsi və didərgin salınmasını XX əsrdə insanlığa qarşı törədilən dəhşətli cinayətlərdən biri kimi dəyərləndirib. Təqdimatı keçirilən kitabın bu baxımdan bədii sənəd olduğunu və macar oxucularında dost Azərbaycan xalqının üzləşdiyi faciələrlə bağlı dolğun təsəvvür yaradacağını vurğulayıb.
Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva rəhbərlik etdiyi qurumun macar ictimaiyyəti arasında Azərbaycan həqiqətlərini, xüsusilə də erməni işğalının acı nəticələri ilə bağlı gerçəkləri yaymaq istiqamətində gördüyü işlərdən bəhs edib. Bu baxımdan Günel Anarqızının "Qarabağ hekayələri" kitabının öz bədii təsir gücü ilə insanları daha çox inandıracağını bildirib.
Mərasimdə Macarıstan ziyalıları, diplomatik korpus təmsilçiləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.