Bakı. 9 fevral. REPORT.AZ/ Kiyevdə Azərbaycan səfirliyinin dəstəyi ilə Azərbaycanın xalq yazıçısı Anarın “Ağ qoç, qara qoç” adı ilə bir sıra əsərləri çap edilib.
Azərbaycanın Ukraynadakı səfirliyindən "Report"a verilən məlumata görə, kitaba görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 2005-ci ildə Anarın 60 illiyinə yazdığı “Taleyin müasiri” başlıqlı məqaləsi ön söz kimi verilib. Kitaba yazıçının “Ağ qoç, qara qoç”, “Dantenin yubileyi” və “Ağ liman” povestləri, “Zəncir”, “Mən, sən, o və telefon”, “Gürcü familiyası” və “Gecənin səhəri” hekayələri, “Saflaşdıran kamança naləsi” essesi, həmçinin yazıçı-publisist Günel Anarqızının “Mükəmməl insan Anar” başlıqlı müsahibəsi daxil edilib.
Redaksiya heyətinə Lvov kitab nəşriyyatçıları və yayımçıları assosiasiyasının sədri Mixail Vatulyakın, Ukrayna Milli Elmlər Akademiyasının Taras Şevçenko adına Ədəbiyyat İnstitutunun direktor müavini Sergey Qalçenkonun, “Qırmızı və qara” kitab silsiləsinin prodüsseri, ədəbiyyatşünas Sergey Qrabarın, “Krivbas kuryeri” jurnalının baş redaktoru, Taras Şevçenko milli mükafatı laureatı Qriqoriy Hüseynovun və digərlərinin daxil olduğu kitaba Ukrayna ədəbiyyatşünası, tənqidçisi və ictimai xadimi Mixail Slaboşpitski son söz yazıb. “Sərhədlər tanımayan Anar” məqaləsində Mixail Slaboşpitski Anarın dərin milli ruhlu, məhz bu səbəbdən də çox beynəlmiləl yazıçı olduğunu, Azərbaycana məxsus olduğu qədər bütün dünyaya məxsus olduğunu qeyd edib, onu sərhədlər tanımayan şəxsiyyət adlandırıb.
Kitabın müəllifin iştirakı ilə Ukrayna mədəni və ədəbi ictimaiyyətinə təqdimatı nəzərdə tutulur.