Kiyevdə Afaq Məsudun "Azadlıq" romanı təqdim olunub

Kiyevdə Afaq Məsudun "Azadlıq" romanı təqdim olunub Yazıçı: "Azərbaycanda roman xeyli müzakirəyə səbəb oldu"
Ədəbiyyat
17 Noyabr , 2017 16:49
Kiyevdə Afaq Məsudun Azadlıq romanı təqdim olunub
Report

Kiyev. 17 noyabr. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyev şəhərindəki Kitab Evində tanınmış azərbaycanlı yazıçı Afaq Məsudun "Azadlıq" romanının təqdimatı keçirilib.

"Report"un Ukrayna bürosunun verdiyi məlumata görə, təqdimat UABD və Dnepropetrovsk Azərbaycanlıları Liqasının dəstəyi ilə baş tutub, mərasimə romanın müəllifi Afaq Məsud da qatılıb.

Kitabın nəşri Ukrayna Yazıçılar Milli Birliyinin (UYMB) Kiyev təşkilatının beynəlxalq layihəsidir. Layihənin təşəbbüskarı yazıçı, ədəbiyyatşünas və UYMB-nin Kiyev təşkilatının rəhbəri Vladimir Danilenkodur.

V.Danilenko bildirib ki, nəşrə leytmotivi insanın daxili azadlıq olmadan məhkum kimi yaşadığını göstərən, azərbaycanlıların həyatı və məişəti barədə olan hekayələrin yer aldığı "Azadlıq" romanı daxil edilib.

Tədbirdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) rəhbəri Hikmət Cavadov açılış nitqi ilə çıxış edib: "Kitabı görən kimi, məni onun adı maraqlandırdı. Axı azadlıq Ukrayna və Azərbaycan xalqlarını birləşdirən anlayışdır. Bu, onların hər gün uğrunda mübarizə apardıqları dəyərdir: Azərbaycan Dağlıq Qarabağda, Ukrayna isə ölkənin şərqində. Romanın ukraynalı oxucuların marağına səbəb olacağına əminəm, çünki burada ukraynalılar üçün müqəddəs anlayış olan azadlıqdan söhbət gedir".

Onun sözlərinə görə, UABD Azərbaycan mədəniyyətini Ukrayna dilində populyarlaşdıran layihələrə bundan sonra da dəstək verməyə davam edəcək.

Həmçinin Afaq Məsud ilə söhbət olub və o, təkcə romanı haqqında yox, həm də Azərbaycanda necə qəbul olunması barədə danışıb: "Ukrayna auditoriyasının yaradıcılığımı necə qəbul edəcəyi mənim üçün çox maraqlıdır. Çünki Azərbaycanda roman nəşr olunduqdan sonra xeyli müzakirəyə səbəb oldu".

Tədbirdə bir sıra şərqşünaslar və Ukrayna-Azərbaycan əlaqələri üzrə ekspertlər, o cümlədən filologiya elmləri namizədi, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutunun Türkologiya kafedrasının dosenti Zəminə Əliyeva, tarix elmləri doktoru, "Kiyev-Moqilya Akademiyası" Milli Universitetinin ümumi və slavyan dilçiliyi kafedrasının dosenti Fərhad Turanlı, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin rəhbəri İlham Allahverdiyev, Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq hüquq kafedrasının professoru, hüquqi elmlər doktoru Arif Quliyev çıxış ediblər.

Qeyd edək ki, tədbirin informasiya tərəfdaşı "Report" İnformasiya Agentliyi olub.

Son xəbərlər

Orphus sistemi