Bakı. 22 yanvar. REPORT.AZ/ Süruri divanının yeni Süleymaniyyə və Manisa nüsxələri tapılıb. Bu barədə "Report"a Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov məlumat verib.
Onun sözlərinə görə, nüsxələrdəki şeirlər Nəsiminin dilinə yaxın dildədir: "Süruri Nəsimi ənənələrini davam etdirən, Fəzlullah Nəimiyə Tanrı səviyyəsində sitayiş etdiyini bildirən şair olub. Sürurinin ədəbi irsinin ortaya çıxarılıb tədqiq edilməsini müəyyən mənada ədəbiyyat tariximizdə Nəsimi ilə Füzuli arasındakı boşluğun doldurulması kimi də mənalandırmaq olar".
Direktor müavini bildirib ki, Sürurinin İstanbulun Süleymaniyyə kitabxanasında saxlanılan divanı 26 vərəqə köçürülüb və 667 beytdən ibarətdir: "Buraya 90 qəzəl, 3 mürəbbe daxildir. Bu nüsxədə onun hürufiliyə olan marağı daha aşkar görünür. Bu nüsxədə Fəzlullahın adı hürufilərin özünəməxsus qrafik işarəsi ilə verilib. Manisa nüsxəsi isə məcmuədir, buraya Sürurinin Azərbaycan türkcəsindəki şeirləri ilə bərabər, Nəsimi və Nur Seyid Əli adlı şairin farsca şeirləri də daxil edilib. Əlyazmada hətta katib qeydi də var. Buradan məlum olur ki, Süruri divanının Manisa nüsxəsi hicri təqvimlə 978, miladi təqvimlə 1570-ci ildə Hələb şəhərində Bayram Baba adlı şeyxin dərgahında Dərviş Mustafa adlı katib tərəfindən köçürülüb. Bu əlyazmanı köçürənlər və yayanlar da hürufilərdir. Bu əlyazmadakı Süruri divanının digər nüsxələrində rast gəlmədiyimiz bir sıra şeirlər, o cümlədən Şah İsmayıl Xətaiyə həsr edilmiş mürəbbe böyük maraq doğurur".
P.Kərimov həmçinin qeyd edib ki, hazırda "Divan"ın nüsxələrinin əldə olan variantı üzərində iş gedir.