Bakı. 15 may. REPORT.AZ/ Müdafiə Nazirliyinin rəhbərliyi, Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə Şəmkir hərbi birliyinin hərbi hissələrində "Vətən mənə oğul desə nə dərdim" devizi altında Məmməd Araz poeziya günü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, N nömrəli hərbi hissədə gənc əsgərlərlə görüşən ədəbiyyat, incəsənət xadimləri, veteranlar mərhum şairlə bağlı xatirələrini danışıb, onun poeziyasına müraciət edib, əsgərləri maraqlandıran sualları cavablandırıblar.
Əməkdar incəsənət xadimi Abdulla Qurbani şairlə dostluğundan, onunla birlikdə dəfələrlə cəbhə bölgələrinə səfər etdiklərindən söhbət açıb, M.Araz poeziyasında vətənpərvərlik mövzusu ətrafında geniş məruzə edib. Şairin "Əsgər andı", "Vətən desin", "Sınma", "Təsəlli", "Mürgüləmə" və başqa şeirlərindən nümunələr çəkib.
Xalq artisti Məmmədəli Balayev M.Arazın "Nə yatmısan, qoca vulkan, səninləyəm!" misrası ilə başlayan şeirini səsləndirib.
Həqiqi hərbi xidmətini şərəflə başa vuran və hazırda Gəncə Dövlət Pedaqoji Universitetində magistr pilləsində təhsilini davam etdirən istedadlı və ictimaiyyətçi gənc Elmir Bağırov və gənc şairə Samirə Səmanın çıxışları da maraqla qarşılanıb.
Həmin gün hərbi birliyin bütün birləşmə və hissələrində M.Araz poeziya günü çərçivəsində silsilə tədbirlər həyata keçirilib.