Tbilisi. 16 mart. REPORT.AZ/ Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tanınmış alim Elizbar Cavelidzenin “Füzuli” monoqrafiyası gürcü və Azərbaycan dillərində nəşr olunub. "Report" xəbər verir ki, kitabda Azərbaycanın klassik şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığı geniş təhlil olunur. Monoqrafiya ilk dəfə gürcü dilində işıq üzü görüb.
Monoqrafiyanı Azərbaycan dilinə Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri, tərcüməçi-alim Mirzə Məmmədoğlu tərcümə edib. Dahi Azərbaycan şairinin vəfatının 460-cı ildönümünə həsr olunan bu kitab elə M. Məmmədoğlunun öz vəsaiti hesabına nəşr olunub.
M.Məmmədoğlu "Report"a bildirib ki, məşhur türkoloq, Azərbaycan Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüş Elizbar Cavelidzenin monoqrafiyanı yazmaqda məqsədi gürcü gəncliyini, ümumiyyətlə, gürcü oxucusunu XVI əsr Azərbaycanın məşhur sənətkarı, Şərqin böyük şairlərindən biri Füzulinin həyat və yaradıcılığı ilə tanış etməkdir: "Azərbaycan ədəbiyyatının yaxın dostu olan, tərcüməçilik sahəsində məhsuldar işləyən Cavelidze “Oğuznamə”ni, tərcüməçi-araşdırmaçı Giorgi Şağulaşvili ilə birlikdə isə “Dədə Qorqud” dastanını gürcü dilinə tərcümə edib”.
Kitabda tanınmış gürcü alimi Apollon Silaqadzenin “Gürcü türkologiyasının lideri” adlı yazısı və XVIII əsrdə Füzulinin Gürcüstan Milli Əlyazmalar Mərkəzində saxlanılan gürcü transkripsiyası ilə yazılan qəzəli də verilib.
Yaxın vaxtlarda Şota Rustaveli adına Ədəbiyyatşünaslıq İnstitutunda və Gürcüstan Milli Elmlər Akademiyasında kitabın təqdimatı olacaq.
Qeyd edək ki, Mirzə Məmmədoğlu bundan əvvəl tanınmış gürcü alimi, iranşünas Konstantine Pağavanın “Mirzə Fətəli Axundov” və “Nizami” monoqrafiyalarını Azərbaycan dilinə tərcümə edib.