Psixoloqlar amerikalı yazıçı Edqar Ponun intihar etdiyinə dair versiyasını rədd ediblər və onun ölüm səbəbini dəqiqləşdiriblər.
“Report” xəbər verir ki, bununla bağlı araşdırmanı “Medical Express” dərc edib.
Qorxulu hekayə və detektivlərin müəllifi Edqar Po 1849-cu ildə xəstəxanada naməlum şəraitdə ölüb. İndiyədək yazıçının ölümünə nəyin səbəb olduğu dəqiq bəlli deyildi. Ədəbiyyat tarixində onun diabet, sifilis, alkoqol deliriya və ya vəbadan öldüyünə dair versiyalarla qarşılaşmaq mümkündür.
Mərhumun müasiri məşhur fransız şair Şarl Bodler yazıçının ölümünün incədən-incəyə planlaşdırılmış “faktiki olaraq intihar” olduğunu yazıb.
Psixoloqlar kompüter təhlili vasitəsilə bu versiyanı yoxlamaq qərarını veriblər. E.Ponun 309 məktub, 49 şeir və 63 hekayəsini tədqiq edən araşdırmaçılar depressiyanın əlamətlərini seziblər.
“Mən, doğrudan da, onun həyatının sonuna yaxın depressiyaya düşdüyünü güman edirəm, ancaq o, özünə qəsd etməyib”, - araşdırmanın həmmüəllifi Rayan Boyd deyib.
Psixoloqların seçdiyi depressiyanın indikatorları arasında I şəxs tək əvəzliyinin (“mən”) cəm (“biz”) qarşısında üstünlüyü, müsbət konnotasiyaya malik sözlərdən öncə istifadə edilmiş mənfi çalarlı sözlərin üstünlüyü, təfəkkür feillərinin mütəmadi işlənməsi olub.
“Bizim təhlilimiz onun uğura çətinliklə dözdüyünü göstərir. Depressiyanın əlamətləri xüsusilə onun məşhurluq zirvəsində olduğu dövrlərdə sezilir – 1843, 1845 və 1849-cu illərdə”, - araşdırmaçı bildirib.
Qeyd edək ki, əfsanəvi yazıçı Edqar Po 1809-cu ildə ABŞ-ın Massaçusets şəhərində doğulub. O, 1849-cu ilin oktyabrın 7-də Baltimor şəhərində vəfat edib.