Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin yeni sayı çapdan çıxıb.
"Report" xəbər verir ki, bu barədə məlumatı AYB-nin mətbuat xidməti yayıb.
Ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynlinin baş redaktoru olduğu dərginin bu dəfə “Dramaturgiya” xüsusi sayı oxuculara təqdim edilib.
Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevlə AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlunun söhbəti Azərbaycan və dünya dramaturgiyasının, milli teatr sənətinin tarixinə və müasir sənətkarlıq məsələlərinə həsr edilib. “Biz dünya teatrının uzun inkişaf yolunu çox sürətlə keçməli olmuşuq” - deyən Ədalət Vəliyev teatrlarımızın hazırkı durumu və perspektivləri, görülən işlər və onların nəticələri, bu sahədəki beynəlxalq əlaqələr barədə danışıb, bu mövzularla bağlı fikirlərini, mülahizələrini bölüşüb.
Jurnalın “Nəzəriyyə” bölümündə Səlim Babullaoğlunun təqdimatında və tərcüməsində Jorj Poltinin “36 dramatik situasiya”sı çap olunub. Tədqiqatda 1200-dən çox dram əsərinin təhlilindən ortaya çıxan dramatik situasiyalar sərf-nəzər edilir.
Dərgidə Vilyam Şekspirin “Fırtına” əsəri xalq yazıçısı Anarın tərcüməsində verilib.
Con Qolsuorsinin “Balaca adam”ı Kamran Nəzirlinin, Atol Fuqardın “Dimetos”u Həmzəli İlyasın, Rober Tomanın “Səkkiz qadın”ı Cavanşir Yusiflinin, Mario Varqas Lyosanın “Taknalı xanım”ı Qismətin, Aleksey Şipanovun “Dayanacaq”ı Qaraçuxanın tərcüməsində dərc edilib. Samuel Bekketin “Gəliş-gediş” və Ejen İoneskonun “Dörd nəfərlik etüd” pyeslərini isə Həmid Piriyev çevirib.
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin 2015-ci ilin martında keçirdiyi I Bakı Beynəlxalq Poeziya Festivalı ilə bağlı materiallar da dərginin bu sayında yer alıb.
Bu bölümdə Mərkəzin sədri S.Babullaoğlunun festivalın ideya və məzmunu, təşkilatçılıq məsələləri ilə bağlı söhbəti, C.Yusiflinin “Su poeziyası – başgicəlləndirici məkan”, Yusif Savalanın “Alman ədəbiyyatında su motivləri”, Abbasəli Əhmədoğlunun “Su deyibdir mənə əvvəldə anam...”, Tahirə Cəfərovanın “Fin eposu “Kalevala”da su ünsürü” (tərc.Şəfiqə Şəfa), Saodat Muxamedovanın “Müasir özbək poeziyasında su mövzusu” (Ş.Şəfa), Tatyana Sivetsin “Müasir Belarus poeziyasında su mövzusu” (Ş.Şəfa) , İmir Məmmədlinin “Gürcü poeziyasında “sulu” şeirlər” və digər yazılar var. Eyni bölümdə Ataol Bəhramoğlunun (tərc. Aytən Heydərova), Kamran Rəsulzadənin (Ariz Tarıverdiyev), Marianna Kiyanovskanın (S.Babullaoğlu), Milis Yeftimiyeviç-Liliçin (Yekaterina Paniç və Rəbiqə Nazimqızı), Sergey Qlovyukun (Günel Bağıyeva), Tomi Kontionun (T.Cəfərova və S.Babullaoğlu) şeirləri də dərc olunub.
Baş redaktor S.Hüseynli özünün ənənəvi “Tərcümə təcrübələri”ndə bu dəfə israilli yazıçı Etqar Keretin “İdeala pərəstiş” və suriyalı ədib İbrahim Samuelin “Öhö-öhö” hekayəsini təqdim edib.
“Dünya ədəbiyyatı”nın 345 səhifəlik yeni sayı öz dizaynı ilə də diqqəti çəkir, üz qabığının tərtibatında müasir dövrün tanınmış rəssamlarından Aleks Levinin “Venesiya üçlüyü” əsərindən istifadə olunub.