Bakı. 21 aprel. REPORT.AZ/ Bakı Slavyan Universitetinin (BSU) “Sabah” qruplarının tələbələri Azərbaycan Dillər Universitetinin foyesində təşkil olunmuş Cəfər Cabbarlının Ev Muzeyinin səyyar sərgisi ilə tanış olublar.
"Report" xəbər verir ki, sərgi ilə tanışlıq BSU-nun “Sabah” qruplarının müəllimi, dosent Əzizağa Nəcəfovun “Ədəbiyyatdan praktikum” fənni çərçivəsində baş tutub.
Tələbələr böyük dramaturq, şair, nasir və publisist Cəfər Cabbarlının həyatı, yaradıcılığı və mədəni-ictimai fəaliyyəti haqqında geniş məlumat əldə ediblər.
Muzeyin əməkdaşları, başda Cəfər Cabbarlının Ev Muzeyinin direktoru, ədibin nəvəsi, C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri Qəmər Seyfəddinqızı olmaqla səyyar sərgidəki hər bir eksponat haqqında tələbələrə əhatəli məlumat veriblər. Səyyar sərgidə 10 stend, Cəfər Cabbarlının sağlığında səhnələşdirilən tamaşaların orijinal afişaları, müəllifin müxtəlif illərdə nəşr olunan kitabları, ədibin bəzi şəxsi əşları nümayiş olunub.