Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli, respublika dövlət mükafatı laureatı Natiq Rəsulzadə ilə Bakı Slavyan Universitetində (BSU) görüş keçirilib.
BSU-dan "Report"a verilən məlumata görə, tədbiri ali məktəbin rektoru, professor Asif Hacıyev açaraq müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Natiq Rəsulzadəni yaradıcılığından söz açıb, belə görüşlərin gələcəkdə silsilə şəklində təşkilinə ümid etdiyini vurğulayıb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev çıxışında Bakı Slavyan Universitetinin belə ənənəvi yaradıcı görüşlərin təşkilini davam etdirməsindən məmnunluğunu bildirib. Akademik qeyd edib ki, BSU öz ənənələrinə sadiq qalaraq gənc nəsli yaradıcı yaşlı nəsillə daim görüşdürür. Yaradıcı insanlarda, yazmaq istədiklərini, öz düşüncələrini insanlarla bölüşməyə daxili ehtiyac olur. Belə görüşlər yazıçıya bu imkanı yaradır. Həm yazıçı mənəvi zövq alır, həm də tələbələr onu daha yaxından tanıyırlar. Natiq Rəsulzadənin yaradıcılığı hər kəsə yaxşı məlumdur. O, müasir Azərbaycanı, eyni zamanda, sovet dövründəki Azərbaycan həyatını gözəl bilən, tarixini, adət-ənənələrini, kədərini, gülüşünü öz əsərlərində canlandırmağı bacaran yazıçıdır.
Dövlət müşaviri, həmçinin qeyd edib ki, N.Rəsulzadənin əsərləri həm rus, həm də Avropa oxucusunda Azərbaycan barədə geniş təəssürat yaradır. Akademik bu gün multikultural əhvalda yaşayan Azərbaycan xalqının hələ qədim dövrlərdən bəri həmin ideyalarla yaşadığını vurğulayıb. Bildirib ki, “Kitabi-Dədə Qorqud”dan bu günə qədər elə bir yazıçı yoxdur ki, onun əsərlərində insanlara mərhəmət, şəfqət hissi aşılanmasın. Natiq Rəsulzadə də həmin yazıçılardandır.
BSU-da qonaq olmaqdan məmnunluğunu bildirən yazıçı N.Rəsulzadə bildirib ki, yazıçıların gənc oxucuları ilə görüşməsi çox vacibdir. İnsan nə qədər tanınmış olursa-olsun, gənclərlə ünsiyyət zamanı onlardan həmişə nə isə öyrənir. Çünki gənclər daha cəsarətli olur, dünyaya tamam başqa gözlə baxırlar. İnsanların əhatəsində olmayan, dünyagörüşü məhdud olan yazıçı heç vaxt maraqlı əsər ərsəyə gətirə bilməz. Yazılarımda sadə sözlərdən daha çox istifadə edirəm. Bu, oxucunun qəlbinə daha yaxşı yol tapmağa kömək edir.
Canlı polemika şəkildə keçən görüşün sonunda yazıçı oxucuların çoxsaylı suallarını cavablandırıb.