Bakı. 29 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 4 gənc müəllifin kitablarının təqdimat mərasimi keçirilib.
"Report"un xəbərinə görə, tədbirdə iştirak edən Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı Qismət Rüstəmov bildirib ki, kitablar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Yaradıcılıq Fondunun birgə həyata keçirdiyi "İstedadlı insanlara dəstək olmaqla onların ictimaiyyətə tanıdılması üçün yeni imkanların yaradılması" layihəsi çərçivəsində çap olunub.
Q.Rüstəmov nasirlər Ömər Xəyyamın "Sayrışan hallar", İkinci Mahmudun "Ümüd arısı" kitabları, həmçinin gənc şairlər Alikin "Günəş qalib gəldi...", Fəridə Məmmədovanın "Sevgili üçün notlar" haqqında fikirlərini bölüşüb.
Tədbirdə qeyd olunub ki, bundan sonrakı layihələrə yeni yaradıcı gənclər də qoşulacaq.