Bakı. 19 aprel. REPORT.AZ/ Özbəkistanda yaşamış tanınmış azərbaycanlı şair, bu ölkənin Yazıçılar Birliyinin üzvü olmuş İxtiyar Rzanın Daşkənd şəhərində yaşadığı evin üzərinə onun xatirə löhvəsi vurulub.
Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, mərkəzin layihəsi əsasında hazırlanan lövhənin açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən mərkəzinin direktoru Samir Abbasov Özbəkistanın ictimai-mədəni həyatında azərbaycanlıların daim aktiv olduğunu və onların yaradıcılıqları iki ölkə arasında dostluq əlaqələrinin inkişafına təkan verdiyini söyləyib.
S.Abbasov Özbəkistandakı tanınmış azərbaycanlıların irsi, habelə şair İxtiyar Rzanın yaradıcılığı haqqında danışıb.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Gülbahar Aşurova Özbəkistanın inkişafında azərbaycanlıların roluna toxunub.
Qeyd edək ki, İxtiyar Rza 1969-2012-ci illərdə Daşkənd şəhərindəki Üçtəpə rayonunda yaşayıb.