Bakı. 27 fevral. REPORT.AZ/ “Azəravtoyol” ASC-nin mətbuat xidməti Mikayıl Müşfiqin büstünün yerindən götürülməsi ilə bağlı açıqlama yayıb.
“Report”un məlumatına görə, açıqlamada qeyd olunub ki, Azərbaycan Prezidentinin sərəncamlarına uyğun olaraq, Füzuli meydanı ətrafında və Təzəpir məscidi istiqamətində geniş yenidənqurma və abadlıq işləri aparılır: “Bu işlər çərçivəsində “Statistika dairəsi”ndə dəyişikliklər nəzərdə tutulub. Bu dəyişikliklər çərçivəsində ərazidə yerləşən və tanınmış heykəltaraş, əməkdar rəssam Münəvvər Rzayeva tərəfindən 1968-ci ildə yaradılan görkəmli şairimiz Mikayıl Müşfiqin büstü müvəqqəti olaraq yerləşdiyi ərazidən götürülüb. Yəni, mətbuatda və sosial mediada abidənin dağıdılması kimi xəbərlərin tirajlanması əsassızdır və həqiqəti əks etdirmir”.
Qeyd olunub ki, “Azəravtoyol” ASC apardığı yenidənqurma işləri zamanı Mikayıl Müşfiqin büstünü uyğun texnologiya əsasında əsərin görünüşündə heç bir dəyişiklik edilmədən ərazidən tam və sağlam şəkildə götürülüb: “Hazırda büst və büstün qoyulduğu xüsusi hissənin üzlənməsində istifadə olunan qranit-mərmər də parça və xüsusi materialla örtülmüş şəkildə cəmiyyətin anbarında saxlanılır. Quruculuq-abadlıq işləri tam başa çatdıqdan sonra büstün hazırda yerləşdiyi ərazinin 5-6 metr sağ hissəsində 5 dəfə böyük yaşıllıq parkı salınacaq. Mikayıl Müşfiqin büstü də əvvəlki şəkildə həmin əraziyə qoyulacaq”.
Qeyd edək ki, yenidənqurma işlərinin 1-1,5 aya yekunlaşdırılması planlaşdırılır.