AYB sədri “Yaşayan Dədə Qorqud” mükafatı ilə təltif edilib

AYB sədri “Yaşayan Dədə Qorqud” mükafatı ilə təltif edilib İstanbulda xalq yazıçısı Anarın 80 illik yubileyi qeyd olunub
Ədəbiyyat
29 Mart , 2018 17:30
AYB sədri “Yaşayan Dədə Qorqud” mükafatı ilə təltif edilib
Report

İstanbul. 29 mart. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində Türk Ədəbiyyatı Vəqfində Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anarın 80 illik yubileyi qeyd olunub.

"Report"un Türkiyə bürosu xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), AYB, Türk Ədəbiyyatı Vəqfi (TƏV), İstanbul Yeni Yüzil Universiteti və Üsküdar Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən mərasimin açılışında xalq yazıçısı Anar və onun ailəsi, rəsmi şəxslər, qardaş ölkədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, elm və sənət adamaları, ziyalılar iştirak ediblər.

Azərbaycanın TÜRKSOY-dakı rəsmi təmsilçisi Elçin Qafarlı, yazıçı İmdat Avşar, tədqiqatçılar Pərvin Nuraliyeva və Bəxtiyar Aslan Azərbaycan və türk dünyası ədəbiyyatında yeni bir səhifə açan, öz uğurlu və zəngin qələmi ilə ədəbiyyatımıza yeniliklər bəxş edən Anar yaradıçılığından danışıblar. Yazıçının türk dili də daxil olmaqla, dünyanın bir çox dillərinə çevrilmiş kitablarından söz açılıb, Anar yaradıcılığının əvəzolunmaz olduğu vurğulanıb.

Yubilyarın qızı Günel Anarqızı atasının həm də gözəl ailə başçısı və qayğıkeş valideyn olduğunu bildirib, atası ilə qürur duyduğunu dilə gətirib.

Daha sonra yazıçıya Türk Ədəbiyyatı Vəqfinin yeni təsis etdiyi “Yaşayan Dədə Qorqud” mükafatının ilk nüsxəsi təqdim olunub. Anar da, öz növbəsində, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Yubiley mərasimi daha sonra İstanbul Yeni Yüzil Universitetində davam etdirilib.

Qeyd edək ki, Anar yubley proqramı çərçivəsində Türkiyənin aparıcı universitetlərində təhsil alan tələbələrlə görüşəcək, türk gəncliyi ilə fikir mübadiləsi aparacaq. 

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi