Bakı. 26 aprel. REPORT.AZ/ Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının 13 noyabr 1920-ci il tarixli 53 nömrəli qərarına əsasən yaradılıb, rəsmi açılışı isə 1923-cü il mayın 23-də baş tutub. Kitabxana yarananda onun fonduna İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5000 nüsxə kitab verilib. Yaradılan zaman Azərbaycan Elmlər Akademiyasının binasında bir neçə otaqda yerləşirdi. İndiki binası isə 1959-cu ildə tikilib, açılışı 1961-ci ildə baş tutub. Binanın layihəsi tanınmış memar Mikayıl Hüseynova məxsusdur. "Report" olaraq memarlıq baxımından tarixi abidə sayılan kitabxananı ziyarət etdik, fəaliyyəti ilə yaxından tanış olduq.
"Ümumi zal"
Kitabxanaya daxil olarkən soyuq foye və səssizliklə qarşılaşdıq. Bizə məlumat verdilər ki, içəri üst geyim, yaxud iri həcmli çanta ilə daxil olmaq qadağandır. Qarderoba yaxınlaşıb geyimlərimizi təhvil verdik. Bir qədər sonra bizi bələdçimiz - xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova qarşıladı. Beləliklə, kitabxanada olan gəzintimiz başladı.
Səhər saatları olduğundan kitabxanada ziyarətçi bir qədər az idi. Foyedən fərqli olaraq, kitabxananın içərisi normal temperaturda idi. Əvvəlcə ümümi oxu zalına daxil olduq. Zal yeni avadanlıqlarla təhciz olunub, kitabxanada sürətli WiFi quraşdırılıb. Yəqin ki, bir çox tələbənin bu zaldan xatirələri var. Ümumi zalda çox vaxt iki, ziyarətçi az olanda isə bir nəzarətçi olur. Zalda yemək yemək, söhbət etmək, telefonu səsli işlətmək qadağandır. Ancaq güman ki, bu qaydaları pozmayan tələbə olmayıb. Bu barədə suallarımızı cavablandıran Ədibə İsmayılova bildirdi ki, nəzarətçilərin ən çox qarşılaşdığı problem telefonlarla bağlı olur: "Bəzən tələbələr telefonlarını səssizə qoymağı unudurlar. Bunun üçün də ümumi oxu zalında telefon istifadəsinə qadağa qoymuşuq. Burada kiçik bir səs belə hər kəsin fikrini yayındırmağa kifayət edir. Elmi zalımızda isə nəzarətçiyə ehtiyac olmur. Bura gələnlərin əksəriyyəti alimlər və elmi işçilər olur. Onlar da özləri artıq bu qaydaları gözəl bilir və riayət edir".
Ziyarətçilərin işini asanlaşdıran elektron kataloq
Pilləkənlərlə qalxdıqda qarşımıza komputerlərlə axtarış edən oxucular çıxdı. Artıq Milli Kitabxananın üzvləri uzun növbələr gözləmədən axtardıqları kitabları rahatlıqla tapırlar. Burada ziyarətçilərin işlərini asanlaşdırmaq üçün komputerlərlə yanaşı, planşetlər də quraşdırılıb. Bu barədə bibloqrafiya şöbəsinin müdiri Könül Kərimova məlumat verdi: "Elektron kataloqda Azərbaycan fondunun demək olar 100 faizi, rus dilinin isə 60-70 faizi yerləşdirilib. Artıq siz istədiyiniz kitabı kitabxananın saytına daxil olaraq əvvəlcədən sifariş verə bilərsiniz. Biz sifariş olunan gün üçün kitabı ayırırıq. Oxucu gəlmədiyi halda isə əlavə bir gün daha gözləyirik. Online oxu xidmətimizə isə müəllif icazəsi olduqda kitablar yerləşdirilir və ziyarətçilər rahatlıqla bu xidmətdən istifadə edə bilirlər".
Kitablardan qopardılan vərəqlər
Buradan kitab çıxarmaq mümkün olmadığından bir vaxtlar vərəqlərin qopardılmasını tez-tez eşidirdik. Bələdçimiz bunu təsdiqləyərək bildirdi ki, oxucular bu məsələ ilə bağlı şikayətlərini bildirirdilər: "Biz bu halların aradan qaldırılması üçün nəzarəti daha da gücləndirmişik. Avtomatlaşdırılma olmazdan əvvəl bu problemlə tez-tez qarşılaşırdıq. Adətən, oxucular kitabların və qəzetlərin onlara lazım olan hissələrini qopardırdılar. Ancaq indi surətçıxarma aparatlarımız olduğundan istədikləri səhifələrin surətini asanlıqla əldə edə bilirlər. Qoparılan vərəqlər isə sonradan bərpa olunur. Bərpa prosesi əsasən yay aylarında aparılır. Bu vaxt oxucu az olduğundan birnövbəli sistemlə işləyirik. İkinci növbədə isə kitabların bərpası məsələləri ilə məşğul oluruq".
Kitabxananın ən qədim kitabları
Səssiz dəhlizlə Nadir Kitablar və Kitabxana Muzeyine tərəf irəliləyirik. İçəri daxil olarkən qəribə bir qoxu duyulur. Şöbə müdiri İradə Qulamova söylədi ki, bu kitabların öz qoxusudur. Buradakı kitablar Bakı İctimai Yığıncağının və Rusiya İmperiya Texniki Cəmiyyətinin kitabxanalarından gətirilib. Onlar xüsusi şəraitdə saxlanır. Belə ki, kitablar günəş və elektrik lampalarının işıqlarından qorunur, otağın temperaturu isə xüsusi tənzimlənir. Burada Milli Kitabxananın nəzdindəki ən qədim, ən kiçik, fərqli dizaynlı, fərqli dillərdə kitablar görmək mümkündür. Ən qədim kitab 1573-cü ilə aid olan "Homer haqqında ədəbiyyat tarixi" (kitabın 444 yaşı var), ən kiçik kitab isə "Mənim Bakım" adlanır. İradə Qulamova bildirdi ki, ən qədim kiçik kitablar uşaq ədəbiyyatına aiddir: "Bu kitablar müharibə dövründə hazırlanıb. Bu ölçüdə olmasının səbəbi isə kağız qıtlığının olması idi. Kitablar rus dilindədir". Kitabxananın xüsusi güşəsində isə əski Azərbaycan əlifbası ilə yazılmış və Heydər Əliyevin şəxsi kitabxanasından hədiyyə etdiyi imzalı kitabları saxlanılır.
Musiqi şöbəsi
Kitabxananın yuxarı mərtəbələrinə doğru qalxırıq. Burada musiqi bölməsi yerləşir. Bizi Not Nəşrləri və Səsyazmaları şöbəsinin müdiri Kəmalə Seyidova qarşıladı. Güman ki, bir çoxlarının bu şöbə haqqında məlumatı yoxdur. Kəmalə Seyidova bildirdi ki, bu bölmə 1961-ci ildə yaradılıb: "Yaradılan zaman burada 1000 ədad plastinka olub. Hazırda isə 30 000 plastinka mövcuddur. Bu plastinkalar müasirləşdirilərək CD-lərə köçürülüb. CD-ləri istfadə etmək üçün aparatlar 2006-cı ildə yaponlar tərəfindən hədiyyə olunub". Oxucular əsasən Azərbaycan Milli Konservatoriyası və Bakı Musiqi Akademiyasının tələbə və müəllimləridirlər. Dinləyicilər arasında həvəskarlar da var. Onlar bura sadəcə musiqi dinləmək üçün müraciət edirlər. Plastinkalar və CD-lər kitabxananın fondunda qorunur. Onlar şaquli vəziyyətdə, xüsusi temperaturda qorunur və tozları tez-tez təmizlənir.
Tədris Mərkəzi
Milli kitabxananın tərkibində tədris mərkəzi yerləşir. Bələdçimiz söylədi ki, bu mərkəzə Bakı şəhər kitabxanalarından, eləcə də regionlardan kitabxanaçılar gəlirlər: "Burada onlara yeni informasiya texnologiyaları, Milli Kitabxananın iş təcrübəsi və ALİSA (Avtomatlaşdırılmış Kitabxana Sistemi) proqramı tədris olunur. Bu proqram artıq bölgələrdə də tətbiq edilir. Onlar proqramla bağlı hər hansı çətinlik çəkdikdə bizə müraciət edirlər". Elə kitabxananı gəzərkən belə bir qrup müşahidə etdik. Onlar müxtəlif regionun kitabxanaçıları idi.
Yeni kitablar üçün sərgi
Kitabxananın tərkibində kitabxanaya daxil olan kitablar üçün sərgi güşəsi yerləşir. Bura olduqca geniş və işıqlıdır. Bələdçimiz bildirdi ki, bu guşə oxucuların diqqətini yeni kitablara cəlb etmək, tanıtmaq məqsədi ilə yaradılıb: "Kitablar "Yeni ədəbiyyatın sərgisi" başlığı adı altında bir həftə ərzində burada sərgilənir. Sərgidəki kitablar Azərbaycan, rus və digər xarici dillərdə olur. Daha sonra isə kitabxananın əsas fonduna daxil edilirlər. Sərgidə olan kitablar elektron kataloqda da görünür. Burada Qarabağ və müharibə dövrünə aid kitablar ayrıca guşədə saxlanılır".
Açıq kitabxana
Binanın həyətində açıq kitabxana fəaliyyət göstərir. Burada kitablar şüşədən rəflərdə saxlanılır. Oxucular kitabları həm burada oxuya bilər, həm də başqa bir kitabla əvəzləyib özləri ilə də apara bilərlər. Lakin hava bir qədər soyuq olduğundan oxucu müşahidə olunmurdu. Bələdçimiz qeyd etdi ki, hava xoş olduqda oxucular burada oturaraq mütaliə edir, soyuq havalarda isə kitabı əvəzləyib aparmağı seçirlər: "Oxucularımız çoxdur. Bura açıq havada olduğundan fəsillər ziyarətçilərin sayına təsir edir. Gələcəkdə burada oxuculara çay, kofe kimi xidmətlər də təklif olunacaq. Çünki burada olan oxucular üçün bufetə girişə yol yoxdur".
Bufet
Elə bu vaxt üz tutduq bufetə. Pilləkənlərlə aşağı mərtəbəyə enirik. Yemək qoxusundan hiss elədik ki, yaxınlaşırıq. İçəriyə günəş işığı az düşdüyündən bufet qaranlıq idi. Bufetin demək olar bütün əşyaları və eyni zamanda təmiri də köhnədir. Ədibə İsmayılova qeyd etdi ki, gələcəkdə yəqin ki, bufet də əsaslı təmir olunacaq.
Barkodlaşdırılan kitablar
Bələdçimizdən kitabxanaya çanta ilə daxil olmaq qadağasının səbəbini soruşduq. O dedi ki, çoxları elə fikirləşir bu, kitabların oğurlanmaması üçün edilir: "Bunun səbəbi təhlükəsizliyin qorunmasıdır. Biz oxucunun çantasında nə gəzdirdiyini bilmirik. Kitabların oğurlanmasına gəldikdə isə bu, mümkün deyil. Çünki fondun daxilindəki bütün kitablar barkodlaşdırılıb. Əgər kimsə buna cəhd etsə, elə keçiddə maneə ilə qarşılaşacaq. Ancaq hələlik belə bir hal ilə rastlaşmamışıq".
Foto: Firi Salim