Bakı. 22 fevral. REPORT.AZ/ Argentinanın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Eduardo Cavallero Tərcümə Mərkəzində olub.
Mərkəzdən "Report"a verilən məlumata görə, görüşdə Mərkəzin Aparat rəhbəri Yaşar Əliyev qurumun fəaliyyəti dövrü ərzində bir çox tanınmış Argentina ədiblərinin əsərlərinin Azərbaycan dilinə tərcümə olunaraq nəşr edildiyini qonağın diqqətinə çatdırıb: “Bu günə kimi Mərkəz tərəfindən Xorxe Luis Borxes, Xulio Kortasar, Ernesto Sabato, Roberto Arlt, Alvaro Yunke, Siria Poletti, Manuel Puiq kimi Argentina müəlliflərinin yaradıcılığından bir sıra nümunələr Azərbaycan dilinə tərcümə və nəşr edilib. Həmçinin ötən il Argentina səfirliyi ilə Mərkəzin birgə layihəsi – məşhur Argentina yazıçısı Adolfo Bio Kasaresin “Morelin ixtirası” kitabı Azərbaycan dilinə tərcümə və nəşr edildi”.
Eduardo Cavallero öz ölkəsinin ədəbiyyatının Azərbaycanda bu səviyyədə tanıdılmasından qürur duyduğunu bildirdi.
Daha sonra mərkəzlə Argentina səfirliyinin növbəti layihəsi olan məşhur Argentina uşaq yazıçısı Mariya Elena Uolşun “Dailan Kifki” (“Daylan Kifki”) kitabının tərcümə və nəşrinə dair məsələlər müzakirə edilib. Həmçinin ispan dilinə tərcümə prosesində olan “Müasir Azərbaycan şeiri” kitabının Argentinada nəşri ilə əlaqədar fikir mübadiləsi aparılıb.