"Mən ilk dəfə Şuşaya 1952-ci ildə gəlmişəm. O zaman mənim 14 yaşım var idi. Şəhərdə bircə abidə var idi - Sovet İttifaqı Qəhrəmanı Nelson Stepanyanın abidəsi. İndi bədnam adı tarixdə qalmış bu vilayətin erməni başçıları bu qədim Azərbaycan şəhərini erməni şəhərinə çevirmək istəyirdilər. Burada Azərbaycan abidələri yox idi. Qədimdən var idi, amma yenilər yox idi. Ulu Öndərin vaxtında burada muzeylər açıldı - Üzeyir Hacıbəylinin, Bülbülün muzeyləri, Natəvanın, Üzeyir bəyin, Bülbülün heykəlləri qoyuldu. Nəhayət, bu əzəmətli məqbərənin əsası qoyuldu və bu məqbərə açıldı. 1982-ci il yanvarın 14-də həmin o tədbirdə mən də iştirak edirdim".
"Report" xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev avqustun 30-da Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunan Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı deyib.
"Vaqif Azərbaycan poeziyasında nadir yeri olan şairdir. O, bizim xalq şerini, qoşmaları, gəraylıları, heca vəznində yazılan şeirləri əruz vəznində yazılan dram ədəbiyyatı ilə birləşdirən, vəhdətdə təqdim edən, Azərbaycan ədəbiyyatında yeni bir səhifə açan şair idi. Onun dostu Vidadi bədbin şeirlər yazırdısa, bədbinliyi təbliğ edirdisə, Vaqif “Toy-bayramdır bu dünyanın əzabı” deyirdi. Amma keşməkeşli həyatının axırıncı illərində, faciəvi illərində o da “Mən cahan mülkündə, mütləq, doğru halət görmədim, hər nə gördüm əyri gördüm, özgə babət görmədim” deyirdi.
Bu gün mənim ürəyim doludur, çox şey deyə bilərəm, amma dedilər ki, qısa danışmaq lazımdır, ona görə də mən qısa danışacağam. Mən 2010-cu ildə bir mərasimdə çıxış edəndə, - cənab Prezident də iştirak edirdi orada, - dedim ki, mənim 72 yaşım var, amma söz verirəm ki, Sizinlə bir yerdə Şuşaya gedəcəyik və bu, baş verdi. Mən Allaha təşəkkür edirəm, taleyimə minnətdaram və Sizə minnətdaram. Sizə minnətdaram ki, o sözü desəm də, bir də Şuşanı görəcəyimə inanmırdım, amma bu gün mən burdayamsa, Sizə minnətdaram, bizim müzəffər Ordumuza minnətdaram. Siz bu Qələbəni Ordu ilə bir yerdə qazandınız. Amma diplomatik qələbəni, təbliğat qələbəsini Siz təkbaşına qazandınız. Çünki Sizin 4 dildə onlarla çıxışlarınız yeni Azərbaycanı tanıtdı, Azərbaycan həqiqətlərini çatdırdı. Bu da çox böyük bir hadisə idi. Siz bizə, Azərbaycan xalqına onun milli qürurunu qaytardınız. Bizim hamının qarşısında alnımız açıq, başımız dikdir ki, öz torpaqlarımızı qaytardıq. Bu torpaqlar bizə əzizdir. Amma indi şəhidlərin, qazilərin qanı, şəhid ailələrinin göz yaşları, Mehriban xanımın şəhid ailələri ilə görüşlərində axıtdığı göz yaşları ilə suvarılmış bu torpaqlar bizə ikiqat əzizdir, ikiqat doğmadır.
Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır! Azərbaycan əbədidir! Biz buraya Zəfər yolu ilə gəldik. Bu yolun əvvəli var, amma sonu yoxdur. Bu yol uzandıqca uzanacaq. Bu Zəfər yolu Azərbaycanın hərbi gücünün yoludur, siyasi gücünün yoludur, iqtisadi gücünün yoludur və möhtəşəm Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının Zəfər yoludur!", - A.Rzayev bildirib.