Bakı. 18 yanvar. REPORT.AZ/ Yəməndə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri, general Əli Şainin evi qarşısında güclü partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə "Al Arabiya News" nəşri məlumat yayıb.
Terror aktı liman şəhəri Ədəndə baş verib. Terrorçu-kamikadze minalanmış avtomobil ilə generalın evinə daxil olmaq istəyib. Lakin mühafizəçilərin zirehli maşını onun yolunu kəsib. Partlayış nəticəsində 10 nəfər həyatını itirib. Onlardan ikisi mühafizəçi, qalanları isə dinc sakinlərdir. Daha 10 nəfər yaralanıb. Onlar əsasən yaxınlıqdan keçən avtobusun sərnişinləri olublar.
Generalın özünə isə heç nə olmayıb. Hücuma görə məsuliyyəti hələ ki, heç kim öz üzərinə götürməyib.