​Türkmənlər İraq hökumətində təmsil olunmaq istəyir

​Türkmənlər İraq hökumətində təmsil olunmaq istəyir Ərşad Salihi: "İŞİD-dən azad edilən bölgələrə qaçqınların qaytarılmasının təmin edilməsini istəyirik"
Digər ölkələr
11 Avqust , 2015 20:40
​Türkmənlər İraq hökumətində təmsil olunmaq istəyir

Bakı. 11 avqust. REPORT.AZ/ İraq türkmənləri də qurulacaq yeni hökumətdə təmsil olunmalıdır. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu İraq Türkmən Cəbhəsinin sədri, Kərkükdən millət vəkili seçilən Ərşad Salihi ölkə parlamentinin binasında keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, ölkənin baş naziri Heydər əl-İbadi gerçək islahatlar apararsa, onda türkmənlər də hökumətdə təmsil olunmalıdır: "Bu islahatlar vətəndaşlıq və ləyaqət prinsipləri əsasında aparılaraq dövlət anlayışının gücləndirilməsinə xidmət etməlidir".

İslahatlarla bağlı danışan millət vəkili daha sonra bildirib: "Nazirlik və müstəqil qurumların sayı azaldılmalıdır. İraq fərqli dini görüşlərin və etnik qrupların olduğu ölkədir. Ona görə də onların haqlarının qorunması üçün partiyalarda deyil, hökumətdə təmsil olunmalarını istəyirik".

Mülki hökumətin qurulmasını dilə gətirən Ə.Salihi başqa tələblərini də açıqlayıb: "Əvvəlki illərdə baş verən rüşvətxorluqla bağlı cinayət işlərinin açılması, məclisdəki nəzarət-təftiş qurumlarına verilən səlahiyyətin artırılması, bölgələrdə korrupsiya hallarına göz yummuş məhkəmə hakimlərinin cəzalandırılması, ölkə konstitusiyasını pozan vali, vilayət başçıları və təhlükəsizilik orqanlarının sədrlərinin vəzifədən azad edilərək səlahiyyətlərinin baş nazirə verilməsi, "İŞİD"in bir sıra kəndlərimizi ələ keçirməsinin səbəblərinin araşdırılması və terrorçulardan azad edilən bölgələrə qaçqınların qaytarılmasının təmi edilməsini istəyirik".

Qeyd edək ki, bu gün İraq parlamenti avqustun 9-da baş nazir Heydər əl-İbadi tərəfindən təqdim olunan islahatlarla bağlı təkliflər paketini təsdiqləyib. Həmin sənəddə prezidentin və baş nazirin müavinləri, dini və partiya mənsubiyyətinə görə dövlət vəzifələri ləğv ediləcək, habelə korrupsiya və rüşvətxorluqla bağlı cinayət işləri bərpa olunacaq.

Son xəbərlər

Orphus sistemi