ABŞ prezidenti Donald Tramp bildirib ki, Hərbi Dəniz Qüvvələrinin naziri vəzifəsinə Birləşmiş Ştatların Norveçdəki səfiri Kennet Breytueytin namizədliyini irəli sürüb.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Daha əvvəl Pentaqon rəhbəri Mark Esper Hərbi-Dəniz Qüvvələrinin indiki naziri Riçard Spenseri Ağ Evin nümayəndələri ilə hərbi cinayətlərdə ittiham edilən Evdard Qallager barəsində gizli danışıqlarına görə vəzifəsindən uzaqlaşdırmağı təklif edib.
"Riçard Spenser Mark Esper tərəfindən vəzifəsindən çıxarılıb. Mən Riçarda xidmətinə görə təşəkkür edirəm", - Tramp özünün "Twitter"dəki səhifəsində yazıb.
"Norveçdəki səfir Kennet Breytueyt yeni nazir vəzifəsinə irəli sürüləcək, onun böyük nailiyyətləri və müvəffəqiyyətləri var. Bilirəm ki, o, böyük iş görəcək", - deyə Tramp əlavə edib.
Qallager ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəstəsində xidmət zamanı bir sıra hərbi cinayətlərin törədilməsində ittiham edilir. Bu cinayətlər arasında əsir götürülmüş İŞİD silahlılarının qətlə yetirilməsi, həmçinin İraqda öldürülən şəxslərin fotolarının nümayiş etdirilməsi var.
Hərbi Dəniz Qüvvələrinin komandanlığı bir sıra hərbçiləri silahlı qüvvələrin heyətindən çıxarmaq niyyətində olub. Lakin ABŞ prezidenti xüsusi təyinatlı hərbçilərin müdafiəsinə qalxıb.