Bakı. 11 oktyabr. REPORT.AZ/ Suriyada İŞİD terror təşkilatının yaraqlıları "Ən-Nüsra" terrorçularına hücum edərək iki xlor balonunu ələ keçiriblər.
“Report” xəbər verir ki, bu barədə Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzi məlumat yayıb.
"Oktyabrın 9-u axşam Əl-Latamna yaşayış məntəqəsi ərazisində İŞİD yönümlü qruplaşmalardan birinin quldur dəstəsi "Həyat Təhrir əş-Şam" terror təşkilatı dəstəsinin qərargahına (Keçmiş "Cəbhat ən Nüsra") hücum edib", — deyə məlumatda bildirilir.
Qeyd olunur ki, silahlı qarşıdurma nəticəsində 4 terrorçu və "Ağ dəbilqəlilər"in iki əməkdaşı öldürülüb.
"Qərargahdan iki xlor balonu aparılıb", - deyə Mərkəz qeyd edib.
Bildirilir ki, balonlar Hələbin cənubuna aparılıb və İŞİD ilə birləşdirilmiş terror qruplaşmasının yaraqlılarına təhvil verilib.
Xatırladaq ki, bir müddət əvvəl BMT-nin xüsusi nümayəndəsi İdlibdə olan terrorçuların sayını açıqlamışdı.