Rusiya Federasiyasının ərazisində olan xarici vətəndaşlar ölkəyə giriş məqsədindən asılı olmayaraq, cari ilin 15 mart tarixindən 15 iyunadək iş icazəsi və ya patent almadan əmək fəaliyyəti ilə məşğul ola bilərlər.
“Report” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi məlumat yayıb.
Qeyd olunur ki, işəgötürənlər və sahibkarlar əcnəbiləri işə götürə bilərlər.
Bununla yanaşı işəgötürən tərəfindən qanunun tələblərinə, o cümlədən müəyyən edilmiş məhdudiyyətlərə və əhalinin sanitariya-epidemioloji rifahının təmin edilməsinə yönəldilmiş tədbirlərə əməl olunmalıdır.
Qeyd edək ki, Rusiya Strateji Təşəbbüslər Agentliyinin baş direktoru Svetlana Çupşeva ölkənin Baş naziri Mixail Mişustinə pandemiya dövründə əhalinin maddi cəhətdən dəstəklənməsilə əlaqədar təkliflərdən ibarət məktub göndərib. Təklifdə koronavirus pandemiyası ilə əlaqədar müvəqqəti işini itirmiş miqrantları Rusiya vətəndaşlarına bərabər tutmaq və onlara yardım etmək göstərilib.