Yaponiyada koronavirusa qarşı əngəlləyici tədbirlər çərçivəsində imperator Naruhitonun doğum günü münasibətilə ənənəvi çıxışı təxirə salınıb.
“Report” “Kyodo”ya istinadən xəbər verir ki, bu barədə imperatorunun ailəvi agentliyinin baş idarəçisinin müavini Kenci İkeda mətbuat konfransında bildirib.
“Virusun yayılması təhlükəsi ortaya çıxandan sonra biz sarayda hər il çox sayda insanın iştirak edərək bir-birinə yaxın toplaşdığı ictimai tədbiri təxirə salmaq qərarına gəldik”, - saray rəsmisi deyib.
İmperator Naruhitonun fevralın 23-də 60 yaşının tamam olması münasibətilə ənənəvi olaraq sarayda təntənəli tədbir nəzərdə tutulurdu. Həmin tədbirdə imperator xanımı Masako ilə, habelə vəliəhd şahzadə Fumihito, xanımı və iki qızı ilə birgə sarayın eyvanından üç dəfə toplaşan izdihamı salamlaması gözlənilirdi.
Son dəfə imperatorun doğum günü müraciəti 1996-cı ildə Perudakı səfirlikdə baş vermiş girov böhranı ilə əlaqədar o zamankı imperator Akihitonun istəyi ilə təxirə salınmışdı.
Qeyd edək ki, hazırda koronavirusa 412 nəfərin yoluxduğu Yaponiya Çindən sonra ikinci yerdədir.