İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) koronavirus infeksiyasına qarşı dərman və ya vaksin hazırlayana 200 000 ABŞ dolları məbləğində mükafat verəcəyini elan edib.
“Report” xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın rəhbəri Salim Əl-Malik deyib.
Onun sözlərinə görə, mükafat virusun yayılmasının qarşısının tez bir zamanda alınması məqsədilə təsis olunub.
Təşkilat rəhbəri bütün dövlətləri, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutlarını virusla birgə mübarizə aparmağa çağırıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 78 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 92 231-ə çatıb. Bunların 48 437 nəfəri sağalıb, 3 131 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də yeni növ pnevmoniyanın adını COVID-19 qoyub.