Bakı. 17 oktyabr. REPORT.AZ/ Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda itkin düşmüş müxalifətçi jurnalist Camal Qaşıqçının işində yeni təfərrüatlar məlum olub.
"Report" xəbər verir ki, bu barədə "Yeni Şafak" məlumat yayıb.
Məlumata görə, Türkiyə baş konsulluğun binasında törədilmiş amansız qətllə bağlı bir çox səs yazılarına malikdir. Səs yazılarının birində ötən gün tələsik Ər-Riyada qaçan baş konsul Məhəmməd əl-Uteybi tələb edir ki, hökm icra nümayəndəliyinin binasından kənarda olunsun. Və cavab alır: "Əgər yaşamaq istəyirsənsə, sus"!
Qətərin "Al Jazeera" telekanalı da qətlin detallarını açıqlayıb. Ehtimal olunur ki, Camal Qaşıqçı baş konsulun kabinetində öldürülüb və onun cəsədi elə burada yeddi dəqiqə ərzində doğranıb.
Parçalanma əməliyyatını Səudiyyənin məhkəmə-tibb eksperti Salah Məhəmməd əl-Tubaiqi edib. Qan donduran bu əməliyyati aparan eksper digər həmkarına musiqiyə qulaq asmağı tövsiyə edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Türkiyənin İstanbul şəhərindəki baş konsulu Məhəmməd Uteybi vəzifəsindən azad olunub. Camal Qaşıqçı oktyabrın 2-də Krallığın İstanbuldakı konsuluğunun binasına daxil olduqdan sonra itkin düşüb.