Çin Xalq Respublikasının sədri Si Szinpin bu gün səhər koronavirus epidemiyasının yayıldığı Uhan şəhərinə gedib.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, o, bu gün yerli vaxtla saat 10:00-da (Bakı vaxtilə 06:00) Uhan şəhərinə çatıb.
Si Szinpin səfər çərçivəsində koronavirusla mübarizədə görülən profilaktik tədbirlərlə tanış olacaq. Bundan başqa, o, tibbi personal, hərbçilər, sosial işçilər, ictimai əsayiş orqanlarının əməkdaşları, könüllülər, pasiyentlər və yerli sakinlərlə görüşəcək.
Qeyd edək ki, Çində koronavirus qurbanlarının sayı 3 136 nəfərdir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 430-a çatıb. Bunların 64 093 nəfəri sağalıb, 4 027 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.