Bakı. 18 oktyabr. REPORT.AZ/ Mosulda gedən ağır döyüşlərə görə şəhəri və onun ətrafındakı əraziləri bir milyona yaxın insan tərk edə bilər.
"Report" "TASS"-a istinadən xəbər verir ki, bu barədə Cenevrədə bazar ertəsi yayılmış birgə bəyanatda Beynəlxalq Qırmızı Xaç Komitəsinin, habelə Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətlərinin Beynəlxalq Federasiyası xəbərdarlıq edib.
"Milyona qədər insan döyüşlərin davam etdiyi müddətdə şəhərdən və onun ətraflarından qaçmağa məcbur ola bilər", - deyə humanitar təşkilatlar ehtiyacı olanlara yaxın günlərdə kömək göstərməyə hazır olduqlarını vurğulayıblar.
Beynəlxalq təşkilatlar həmçinin Mosulda və onun ətrafında döyüşlərin genişləndirilməsiylə əlaqədar mülki şəxslərə və infrastruktura zərər vurmamaq üçün bütün imkanlardan istifadə etməyi xatırladıblar.
Onların fikrincə, səhiyyə və tibbi personal obyektlərinin qorunması xüsusi əhəmiyyətə malikdir.