Bakı. 12 aprel. REPORT.AZ/ Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının ekspertləri Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripal və qızı Yuliya Skripala qarşı sui-qəsd cəhdində "Noviçok" adlı zəhərli maddədən istifadə olunduğunu təsdiq ediblər.
"Report" xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Qeyd edək ki, "Daily Mail" qəzeti Britaniya Xarici İşlər Nazirliyinə istinadən beynəlxalq təşkilatın ekspertlərinin Solsberidəki insidentin öyrənilməsini başa çatdırdığını, hesabatlarını Böyük Britaniyaya təqdim etdiklərini və bu gün təşkilatın hesabatları bütün üzv ölkələrə göndərəcəyini xəbər verib.
Xatırladaq ki, Britaniya xüsusi xidmət orqanlarında çalışan Sergey Skripal və qızı Yuliyanın Britaniyanın Solsberi şəhərində zəhərlənməsindən sonra Rusiya və Böyük Britaniya arasında münasibətlər kəskin pisləşib. London Skripalların "A-234" sinir iflic edici maddəsi (Britaniya hökuməti orqanları bunu "Noviçok" ilə eyniləşdirir) ilə zəhərlənməsində Rusiya dövlətinin əlinin olduğunu iddia edir. Rusiya tərəfi bunu inkar edir.