Yuxarı

Azərbaycanda yaşayan Bolqarıstan vətəndaşları parlament seçkilərində səs verə biləcəklər

Azərbaycanda yaşayan Bolqarıstan vətəndaşları parlament seçkilərində səs verə biləcəklər
Respublikamız da daxil olmaqla, 70 ölkədə 371 seçki məntəqəsi yaradılıb

Sofiya. 6 mart. REPORT.AZ/ Martın 26-da Bolqarıstanda keçiriləcək növbədənkənar parlament seçkilərində bu ölkənin Azərbaycanda yaşayan vətəndaşlarına da səs vermək imkanı yaradılacaq. 

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Bolqarıstan Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin təşkil olunacağı xarici ölkələrdəki seçki məntəqələrinin siyahısını təsdiq edib.

Siyahıya əsasən Azərbaycan da daxil olmaqla, ümumilikdə 70 ölkədə 371 seçki məntəqəsi yaradılıb. Məntəqələrin çoxu Bolqarıstanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında açılacaq. Ümumilikdə Böyük Britaniyada 58, İspaniyada 37, ABŞ və Türkiyədə 35, Yunanıstanda 21, Fransada isə 15 seçki məntəqəsi yaradılacaq.

Qeyd edək ki, MSK-nın yaydığı məlumata görə, növbədənkənar parlament seçkilərində 18 partiya və 9 koalisiya iştirak edəcək. Seçkilərdə əsas mübarizə Bolqarıstan Sosialist Partiyası və GERB ("Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda" – "Report") arasında gedəcək.

Xatırladaq ki, ölkə prezidenti Rumen Radev yanvarın 24-də, prezident səlahiyyətlərinin icrasına başladığı ikinci gündə 43-cü çağırış Xalq Məclisinin (Parlament) buraxılması barədə sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi martın 26-na təyin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi